«Qəbələ» Cənubi Koreya turnirinə start verdi
Xəbərlər / 29 Avqust 2017 | 17:42176
«Qəbələ» Cənubi Koreya turnirinə start verdi

Cənubi Koreyanın Kyoncu şəhərində keçirilən 13 yaşadək futbolçular arasında beynəlxalq turnirə start verilib. Qəbələ ilə qardaşlaşmış şəhərdə təşkil olunan yarışa futbol akademiyamızın U-13 komandası da qatılıb. Qəbələ şəhər icra hakimiyyətinin başçısının birinci müavini Abil Ağasəfovun rəhbərlik etdiyi nümayəndə heyətimiz Kyoncu meriyasının qonağı olub. Şəhərin meri “qırmızı-qaralar”ı qəbul edib, onlara xüsusi diqqət göstərib. O, həmçinin “Qəbələ”nin oyununu da izləyib. Qardaşlaşmış şəhərlərin nümayəndələri arasında rəsmi görüş də baş tutub. Kyoncu şəhər rəhbərliyi komandamızın üzvləri üçün də ziyafət təşkil edib.
E qrupunda çıxış edən “qırmızı-qaralar” turnirdə 4 matç keçirib. Komandamız ilk oyununda Yaponiyanın “Nara” klubunu məğlub edib – 4:1. U-13-ün heyətində Ömər Qurbanov 2, Sadiq Şəfiyevlə Murad Musayev hərəyə 1 dəfə fərqləniblər. Ardınca İspaniyanın “Selta” və Koreyanın “Çonqyonq” klubları ilə görüşən “Qəbələ” hər iki matçda 0:2 hesabı ilə uduzub. Ardınca futbolçularımız Yaponiyanın “İçinomiya” komandasına qalib gəlib – 3:2. Bu matçda komandamızın qollarını Elmir Hüseynli, Okan Təhməzli və Murad Musayev vurub.
Qrup mərhələsində “Selta” və “Çonqyonq” daha çox – 9 xal toplayıb. “Qəbələ” “İçinomiya” ilə eyni 6 xal toplasa da, daha yaxşı top fərqinə malik yaponiyalılar 3-cü olub. Qrup dördüncüsü olan “qırmızı-qaralar” turnirdə növbəti oyunlarını sabah keçirəcək. Komandamız Yaponiyanın “Vejitto” və Tailandın BBC klubları ilə üz-üzə gələcək.