«Qəbələ»dən böyükhesablı qələbə
Xəbərlər / 18 Yanvar 2020 | 22:44467
«Qəbələ»dən böyükhesablı qələbə

“Qəbələ” – “Çayka” (Rusiya) 3:0

İvitsa Juniç, 14, Rövlan Muradov, 35, Ülvi İsgəndərov, 51

Türkiyədə təlim-məşq toplanışında olan “Qəbələ” mövsümün ikinci yarısına hazırlıq çərçivəsində növbəti oyununu keçirib. “Qırmızı-qaralar” Antalyadakı ikinci yoxlama görüşündə Rusiya təmsilçisi “Çayka” ilə üz-üzə gəlib. Qarşılaşma “Titanik” meydançalarında baş tutub. Komandamızı çalışdırıcısı Elmar Baxşıyev start “11-liy”ində aşağıdakı futbolçulara şans verib: 94. Tərlan Əhmədli, 2. Amin Seydiyev, 3. İvitsa Juniç, 4. Sadiq Quliyev, 9. Ehtiram Şahverdiyev, 10. Klesio Bauk, 11. Asif Məmmədov (k), 19. Rövlan Muradov, 21. Fernan Lopez, 74. Yusif Nəbiyev, 77. Merab Qiqauri.

Qarşılıqlı hücumlarla başlayan görüşdə üstünlüyü ələ alan “Qəbələ” erkən qol vurub. 14-cü dəqiqədə İvitsa Juniç hesabı açıb. İlk yarıda “qırmızı-qaralar” daha bir dəfə fərqlənib. Rövlan Muradov fasiləyə 10 dəqiqə qalmış rəqib qapısına yol tapıb.

Oyunun gedişində hər iki komandanın heyətində dəyişikliklər edilib. “Qəbələ”də Anar Nəzirov, Murad Musayev, Ülvi İsgəndərov, Kristian Kouakou, Samir Məhərrəmli, Yaovi Akakpo, İdris İnqilablı, Qismət Alıyev meydana çıxıb. İkinci hissə də erkən qolla başlayıb. Ülvi İsgəndərov fərqi 3 topa çatdırıb. Bu, matçda sonuncu qol olub və “qırmızı-qaralar” “Çayka” üzərində böyükhesablı qələbə qazanıb.

Xatırladaq ki, ilk sınağında Macarıstanın MTK klubuna 0:3 hesabı ilə uduzan “Qəbələ” Antalyada daha iki yoxlama oyununda qüvvəsini sınayacaq. Komandamız yanvarın 22-də Bolqarıstanın “Etar”, 25-də bu ölkənin digər təmsilçisi “Dunav” ilə qarşılaşacaq.