«Qəbələ»dən ev qələbəsi - Video
Xəbərlər / 4 Noyabr 2017 | 18:32332
«Qəbələ»dən ev qələbəsi - Video

“Qəbələ” – “Səbail” – 3:1

04 noyabr 2017. Saat 16:00. Qəbələ şəhər stadionu. 1500 tamaşaçı

Baş hakim: Rauf Cabbarov

Baş hakimin köməkçiləri: Nahid Əliyev, Vüsal Qənbərov         

Dördüncü hakim: Elvin Əsgərov

AFFA nümayəndəsi: Ramiz Abdullayev

Hakim-inspektor: Füzuli Nəcəfov   

Sarı vərəqələr:  Kamal Qurbanov, 56 (qeyri-idman hərəkəti); Eltun Yaqublu, 90+2 (hakimin qərarına etiraz)

Qollar: Famussa Kone, 16; Baqali Dabo, 29; 83 // Eltun Yaqublu, 88

Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 3 dəq.

 

Topaz Premyer Liqasında XI tura start verilib. Turun ilk oyunu Qəbələ şəhər stadionunda keçirilib. “Qəbələ” doğma azarkeşləri önündə yüksək dəstənin debütantı “Səbail”i qəbul edib. “Qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçuk ötən turun “Zirə”ylə qarşılaşması ilə müqayisədə start heyətində 4 dəyişiklik edib. Cəzalı Cavid Hüseynov, həmçinin Asif Məmmədov, Vitali Vernidub və Dion Malone “11-lik”dən kənarda qalıb. Əvəzində Rasim Ramaldanov, Famussa Kone, Tellur Mütəllimov və Ekiqo Ehiosun ilk dəqiqələrdən meydana çıxıb.

Matç qarşılıqlı hücumlarla başlayıb. Rəqib qapısına həmlələr təşkil edən komandalar qol vəziyyətləri yaratmaqda çətinlik çəkib. Cüzi ərazi üstünlüyünə yiyələnən “Qəbələ”nin yaratdığı ilk qol epizodu hesabın açılması ilə nəticələnib. Sol cinahla irəliləyən Stiven Monrozun cərimə meydanı daxilindəki ötürməsindən sonra Kone uzaq küncü dəqiq nişan alıb – 1:0. Ardıcıl ikinci oyunda fərqlənən malili hücumçu “qırmızı-qara” formada 3-cü qolunu vurub. Buraxılan topdan sonra paytaxt təmsilçisi fəallığı artırıb və üstünlüyə yiyələnib. Dmitri Bezotosnı öncə Kamal Qurbanov, ardınca Renan Tellesin yaxın məsafədən zərbələrini zərərsizləşdirib. Lakin qonaqların üstünlüyü davam etdirib, qola çevirməsinə imkan verməyən “Qəbələ” fərqi artırmağa nail olub. Tellurun sağ cinahdan qapı önünə ötürməsini uzaq dirəyin önündə peyda olan Baqali Dabo başla qapıya göndərib – 2:0. Bu qol onun komandamızın heyətində 15-ci uğuru olub. Az sonra Tellurun növbəti hava ötürməsini tamamlamağa çalışan Monroz qapıçı ilə dueldən məğlub ayrılıb. İlk yarının sonları qonaqların hücumları ilə başa çatsa da, onlar Bezotosnıya ciddi çətinlik yaşada bilməyiblər. 

İlk yarının gedişində xəsarət alan Monroz ikinci hissədə meydana çıxmayıb. Onu Asif əvəzləyib. Fasilədən az sonra Ramaldanov da zədə səbəbi ilə meydanı tərk edib. Mərkəz müdafiəçisinin yerinə meydana Deyv Bultuis daxil olub. Görüşün ikinci hissəsi qonaqların üstünlüyü ilə keçib. Bu da onunla bağlıdır ki, hesabda geri olan paytaxt təmsilçisi məğlubiyyətdən qaçmağa çalışıb. Lakin “Səbail”in təşkil etdiyi hücumlar ciddi təhlükə ilə diqqət çəkməyib. Düzdür, Bezotosnı bir neçə dəfə oyuna daxil olub. Amma bakılılar real qol vəziyyəti yaratmaqda çətinliklə üzləşib. İnamla müdafiə olunan “qırmızı-qaralar”ın hücumları isə daha təhlükəli alınıb. Belə həmlələrin birində komandamız daha bir qol vurub. Mərkəzlə irəliləyən Elvin Camalov cərimə meydanına ötürmə ilə Dabonu qapıçı ilə üz-üzə qoyub. Bu imkanı qaçırmayan hücumçu mövsümdə 2-ci dublunu rəsmiləşdirməklə qol sayını 5-ə çatdırıb. Bununla da Baqali bombardirlər yarışında zirvəyə şərik olub. Buraxılan qoldan sonra da hücumlarını davam etdirən qonaqlar qarşılaşmanın sonlarında toplardan birinin əvəzini çıxa bilib. Amma “Qəbələ” görüşün sonluğunda daha iki dəfə sürətli əks-hücum təşkil etməyi bacarıb. Lakin futbolçularımız bu şanslardan yararlana bilməyib.

Beləliklə, ev oyununda 3:1 hesablı qələbə qazanan “Qəbələ” xal hesabını 22-yə çatdırmaqla turnir cədvəlində 2-ci pilləyə yüksəlib.

 

“Qəbələ”

 

22. Dmitri Bezotosnı

3. Voislav Stankoviç

4. Elvin Camalov

5. Rasim Ramaldanov

(21. Deyv Bultuis, 54)

8. Qismət Alıyev

9. Baqali Dabo

28. Stiven Monroz

(11. Asif Məmmədov, 46)

34. Urfan Abbasov (k)

45. Famussa Kone

(16. Dion Omar Malone, 84)

88. Tellur Mütəllimov

90. Ekiqo Ehiosun

 

Ehtiyat oyunçular:

 

23. Aqil Məmmədov

35. Murad Popov

6. Elvin Məmmədov

7. Alen Askerov

10. Ruslan Qurbanov

12. Endi Hallidey

18. Ilqar Qurbanov

29. Hacıağa Hacıyev

70. Ülvi İsgəndərov

 

Baş məşqçi: Roman Qriqorçuk

 

 “Səbail”

 

1. Emil Balayev

3. Tamazi Tsetsxladze

6. Murad Ağayev

(11. Elman Taqayev, 78)

10. Nurlan Novruzov

(17. Vüqar Nadirov, 56)

18. Adrian Popoviçi

20. Eltun Yaqublu (k)

21. Murtuz Abakarov

26. Kamal Qurbanov

35. Egdaras Zarskis

69. Renan Telles

(77. Təyyar Məmmədov, 73)

99. Maudo Jarjue

 

Ehtiyat oyunçular:

 

25. Elxan Əhmədov

13. Murad Musayev

23. Stati Ayron

66. Pərviz Qaraxanov

88. Orxan Qurbanlı

 

Baş məşqçi: Samir Əliyev