«Qəbələ»dən məhsuldar heç-heçə
Xəbərlər / 25 Oktyabr 2016 | 18:42522
«Qəbələ»dən məhsuldar heç-heçə

“Sumqayıt” – “Qəbələ” – 2:2
25 oktyabr 2016. Saat 16:00. “Kapital Bank Arena”, 1250 tamaşaçı  
Baş hakim: Rəhim Həsənov
Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Cavanşir Yusifov   
Dördüncü hakim: Azər Əsgərov
Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Vaqif Davudov   
Hakim-inspektor: Rövşən Əhmədov
Sarı vərəqələr: Bəxtiyar Həsənalızadə, 34 (qeyri-idman hərəkəti); Rail Məlikov, 40 (qeyri-idman hərəkəti) // Voislav Stankoviç, 58 (qeyri-idman hərəkəti); Ruslan Qurbanov, 68 (hakim qərarına etiraz); Sadiq Quliyev, 81 (qeyri-idman hərəkəti), 90+3 (qeyri-idman hərəkəti); Rafael Santos, 83 (qeyri-idman hərəkəti); Asif Məmmədov, 90+4 (hakim qərarına etiraz)
Qırmızı vərəqə: Sadiq Quliyev, 90+3
Qollar:  Yusif Nəbiyev, 47; Amil Yunanov, 90+4 (p.) // Rəşad Eyubov, 64; Filip Ozobiç, 73
Artırılan vaxt: I hissədə 1 dəq.; II hissədə 4 dəq.

Bu gün Topaz Premyer Liqasında IX turun növbəti oyunu keçirilib. Çempionatın lideri “Qəbələ” Sumqayıtda baş tutan matçda eyniadlı komanda ilə qarşılaşıb. Bu oyunadək məğlubiyyət acısı yaşamayan “qırmızı-qaralar” səfər matçına fərqli heyətlə çıxıb. Belə ki, ötən turun “İnter”lə görüşü ilə müqayisədə start heyətində 5 dəyişiklik olub. Həmin matçın iştirakçılarından Rəşad Sadiqov, Baqali Dabo, Roman Hüseynov, Teo Uiks və Urfan Abbasov bu dəfə “11-lik”dən kənarda qalıblar. Əvəzində Vojislav Stankoviç, Ruslan Qurbanov, Rikardinyo, Rəşad Eyubov və Tellur Mütəllimov ilk dəqiqələrdən meydanda mübarizə aparan heyətdə yer alıblar. Matç həm də Cavid Hüseynovun 14 aylıq fasilədən sonra yenidən “18-liy”ə düşməsi ilə əlamətdar olub.
Qarşılaşmaya fəal başlayan “Qəbələ” ilk dəqiqələrdən üstünlüyü ələ alıb. Topa nəzarət edən komandamız həm cinahlar, həm mərkəzlə ardıcıl hücumlar təşkil edib. Etibarlı müdafiəyə üstünlük verən meydan sahibləri isə ilk yarıda əsasən əks-hücum taktikası seçiblər. Liderliyini möhkəmlətmək üçün qələbə qazanmaq iddiasında olan “qırmızı-qaralar” rəqibin arxa xəttini yarmaqda çətinliklə üzləşib. Bu səbəbdən ilk yarı qol epizodları sarıdan zəngin olmayıb.
Oyunun ikinci yarısı daha məhsuldar alınıb. Bunda fasilədən dərhal sonra sumqayıtlıların hesabı açması da rol oynayıb. “Qəbələ”nin yetirməsi olan Yusif Nəbiyev sağ cinahdan ötürməni tamamlayaraq, mövsümdə 2-ci qolunu vurub. Buraxılam qoldan sonra “qırmızı-qaralar” hücumların kəsərini daha da artırıb. Roman Qriqorçukun əvəzetmələri də komandanın ön xətdəki gücünə əlavə güc qatıb. Belə vəziyyətdə meydan sahiblərinin əks-hücumları üçün də imkan yaranıb. Nəticədə iki dəfə qapı dirəyi “qırmızı-qaralar”ı qoldan xilas edib. “Sumqayıt”a qarşı keçirdiyi əvvəlki oyunların hamısında qol sevinci yaşayan “Qəbələ” bu dəfə də rəqib qapısına yol tapmağı bacarıb. 64-cü dəqiqədə sağ cinahdan ötürmədən sonra Rəşad Eyubov tamamlayıb. Qapıçının dəf etdiyi topu tora göndərən yarımmüdafiəçi mövsümdə ilk qolunu vurub. Cəmi 9 dəqiqə sonra komandamız hesabda önə keçib. Bu dəfə cinah ötürməsini Filip Ozobiç qapıya göndərib. Komandamızı irəli çıxaran xorvatiyalı mövsümdə 4-cü dəfə fərqlənib. Matçın 84-cü dəqiqəsində Qriqorçuk Cavid Hüseynova da şans verib. Sonuncu dəfə ötən il avqustun 6-da UEFA Avropa Liqasının Kipr “Apollon”u ilə Bakıdakı görüşündə meydana çıxan yarımmüdafiəçi 446 gündən sonra rəsmi matçda forma geyinib. Görüşün sonlarında da hücumlar təşkil edən “qırmızı-qaralar” əks-hücumda yaxalanıb. Amit Quluzadənin zərbəsi zamanı top tirindən dönüb. Uzatma dəqiqələrində isə Sadiq Quliyevin hərəkətini qırmızı vərəqə ilə dəyərləndirən hakim “Qəbələ”nin qapısına penalti təyin edib. Amil Yunanovun dəqiq zərbəsi matçda son nöqtəni qoyub – 2:2.
Beləliklə, ötən tur “İnter”lə heç-heçə edən (1:1) “Qəbələ” ardıcıl ikinci səfər oyununda 1 xal qazanıb.

“Sumqayıt”
1. Fərhad Vəliyev
2. Rail Məlikov
3. Vurğun Hüseynov (k)
7. Vaqif Cavadov
(9. Amil Yunanov, 78)
10. Məhəmməd Qurbanov
(39. Tural Bayramlı, 71)
14. Bəxtiyar Həsənalızadə
(25. Ayaz Mehdiyev, 76)
19. Azər Salahlı
22. Mirabdulla Abbasov
24. Amit Quluzadə
74. Yusif Nəbiyev
97. Xəyal Nəcəfov

Ehtiyat oyunçular:
94. Tərlan Əhmədli
5. Seymur Əsədov
21. Nasır Abilayev
66. Afşin Esmaeilzadeh

Baş məşqçi: Samir Abasov

“Qəbələ”
22. Dmitri Bezotosnı (k)
3. Voislav Stankoviç
(30. Petar Franyiç, 60)
10. Ruslan Qurbanov
11. Asif Məmmədov
(14. Cavid Hüseynov, 83)
15. Vitali Vernidub
17. Məhəmməd Mirzəbəyov
19. Filip Ozobiç
20. Rikardinyo
32. Rəşad Eyubov
44. Rafael Santos
88. Tellur Mütəllimov
(39. Sadiq Quliyev, 61)

Ehtiyat oyunçular:
33. David Pietrzikeviç
8. Qismət Alıyev
21. Roman Hüseynov
34. Urfan Abbasov

Baş məşqçi: Roman Qriqorçuk