“Qəbələ” – “Konkordiya” (Rumıniya) – 2:2
Asif Məmmədov, 21, Amin Seydiyev, 52
2019-2020-ci illər mövsümünün ikinci yarısına hazırlaşan “Qəbələ” Türkiyə toplanışı çərçivəsində sonuncu yoxlama oyununu keçirib. “Qırmızı-qaralar” Antalyadakı hazırlıqları Rumıniyanın “Konkordiya” klubu ilə qarşılaşma ilə yekunlaşdırıb. Görüş “Arkadia” meydançalarında baş tutub. Komandamızın çalışdırıcısı Elmar Baxşıyev bu qarşılaşmada aşağıdakı start “11-liy”inə şans verib: 94. Tərlan Əhmədli, 2. Amin Seydiyev, 4. Sadiq Quliyev, 5. Murad Musayev, 8. Qismət Alıyev, 9. Ehtiram Şahverdiyev, 10. Klesio Bauk, 11. Asif Məmmədov (k), 14. Ülvi İsgəndərov, 21. Fernan Lopez, 74. Yusif Nəbiyev.
Qarşılıqlı hücumlarla keçən oyunda hesabı “Qəbələ” açıb. 21-ci dəqiqədə Asif Məmmədov fərqlənib. Rumıniya təmsilçisi 7 dəqiqə sonra bərabərlik qoluna imza atıb. Komandalar fasilədə və matçın gedişində oyunçu dəyişiklikləri ediblər. “Qırmızı-qaralar”ın heyətində Qismət Alıyev, Kristian Kouakou, Anar Nəzirov, Yaovi Akakpo, İdris İnqilablı meydana daxil olub. Fasilədən az sonra Amin Seydiyev komandamızı hesabda önə çıxarıb. Matçın sonuna 9 dəqiqə qalmış “Konkordiya” fərqlənib. Beləliklə, məhsuldar keçən görüşdə qalib müəyyənləşməyib – 2:2.
Xatırladaq ki, bunadək Antalyada üç yoxlama matçı keçirən “Qəbələ” Macarıstanın MTK (0:3), Rusiyanın “Çayka” (3:0) və Bolqarıstanın “Etar” (0:0) klubları ilə görüşüb.