«Qəbələ»dən məhsuldar heç-heçə
Xəbərlər / 10 İyun 2020 | 21:53420
«Qəbələ»dən məhsuldar heç-heçə

“Sumqayıt” – “Qəbələ” – 2:2

(Elvin Cəfərquliyev, 8, Amil Yunanov, 73 // Roman Hüseynov, 43, Nikolas Raysel, 60 (pen.)

“Qəbələ” mövsümün bərpa olunacaq hissəsinə hazırlıq çərçivəsində yoxlama oyunu keçirib. “Qırmızı-qaralar” “Sumqayıt”la qarşılaşıb. Komandamız Premyer Liqanın XX turunda qarşılaşdığı rəqiblə Sumqayıtın “Kapital Bank Arena” stadionunda üz-üzə gəlib. Elmar Baxşıyev qarşılaşmada aşağıdakı start “11-liy”inə şans verib: Anar Nəzirov (k), Amin Seydiyev, İvitsa Juniç, Sadiq Quliyev, Yusif Nəbiyev, İdris İnqilablı, Roman Hüseynov, Rövlan Muradov, Ülvi İsgəndərov, Rodriqo Qattas, Abdelrafik Jerar.

Görüşə daha fəal başlayan meydan sahibləri ilk dəqiqələrdə bir neçə təhlükəli epizod yaradıb. Anar Nəzirov və müdafiəçilər hesabın açılmasına imkan verməyib. Buna baxmayaraq, “Sumqayıt” 8-ci dəqiqədə erkən qolla hesabda önə keçib. Elvin Cəfərquliyev 8-ci dəqiqədə fərqlənib. Bundan sonra da cüzi ərazi üstünlüyünə malik meydan sahibləri daha bir dəfə qola yaxın olub. Baş hakim Əliyar Ağayevin təyin etdiyi penalti zərbəsində Anar Nəzirov Mehdi Şərifi ilə dueldən qalib ayrılıb. Bu epizoddan sonra oyunda tarazlıq yaradan “Qəbələ” ardıcıl bir neçə dəfə qol imkanı əldə edib. Sadiq Quliyev və Roman Hüseynov qapıçı ilə üz-üzə qaldıqları epizodlardan yararlana bilməyib. Fasilə ərəfəsində “qırmızı-qaralar” istəyinə çatıb. Sağ cinahdan ötürməni Roman qapıya göndərib – 1:1.

İlk 45 dəqiqədən sonra hər iki komandanın heyətində dəyişikliklər olub. “Qəbələ”də Tərlan Əhmədli, Murad Musayev, Yaovi Akakpo, Klesio Bauk, Qismət Alıyev, Ehtiram Şahverdiyev, Faiq Hacıyev və Nikolas Raysel meydana daxil olub. İkinci hissəyə daha fəal başlayan “qırmızı-qaralar” sürətli hücumlar təşkil edib. Belə həmlələrin biri zamanı komandamız penalti şansı qazanıb. Raysel 11 metrlik nöqtədən zərbəni qola çevirib – 2:1. Hissənin gedişində Samir Məhərrəmli də oyuna qoşulub. Qarşılıqlı hücumlarla davam edən görüşdə hər iki komanda rəqib qapısınadək irəliləsə də, real qol vəziyyətləri yaratmaqda çətinlik çəkib. Sumqayıtlılar yalnız 73-cü dəqiqədə bərabərlik qoluna imza atıb. Tərlan Əhmədlinin qaytardığı topu Amil Yunanov təkrar zərbə ilə qapıya göndərib. “Qəbələ” yenidən önə keçmək imkanları qazansa da, Klesio Baukun yaxın məsafədən qüvvətli zərbəsi dirəyin yanından ötüb, Samir Məhərrəmlinin qapı önünə ötürməsini isə qapayan olmayıb. Beləliklə, “Kapital Bank Arena” stadionundakı görüş məhsuldar heç-heçə ilə başa çatıb – 2:2.