“Səbail” – “Qəbələ” – 2:3
Yeni mövsümün hazırlıqlarını Bakıda davam etdirən “Qəbələ” növbəti yoxlama oyununu keçirib. “Qırmızı-qaralar” “Səbail”lə üz-üzə gəlib. Qarşılaşma Bakı Olimpiya Stadionunda keçirilib. Elmar Baxşıyevin yetirmələri matça aşağıdakı “11-lik”lə çıxıb: Nicat Mehbalıyev, Urfan Abbasov, Murad Musayev, Rüfət Əhmədov, Ehtiram Şahverdiyev, Asif Məmmədov, Kamal Mirzəyev, Rövlan Muradov, Yaovi Akakpo, Məqsəd İsayev, Ülvi İsgəndərov.
İlk yarı “Qəbələ”nin üstünlüyü ilə keçib. İki qol vuran komandamız fasiləyə öndə yollanıb. Hər iki qola Ülvi İsgəndərov imza atıb. O, öncə penaltidən hesabı açıb, ardınca fərqi iki topa çatdırıb.
Fasilədə və ikinci yarıda hər iki komandanın heyətində dəyişikliklər olub. “Qəbələ”də qapıçı Kristof Atanqana, həmçinin Nemət Şıxəmirov, Mehrac Baxşalı, Rauf Rüstəmli, Gülağa Əsədov, Hüseyn Mürsəlov, Vüsal Məsimov meydana daxil olub. “Səbail” fasilədən az sonra penalti ilə fərqi azaldıb. Lakin Faiq Hacıyevin avtoqolu komandamızın üstünlüyünü yenidən iki topa çatdırıb. Qarşılaşmanın sonlarında bakılılar daha bir penaltini qola çevirib. Beləliklə, “Qəbələ” Bakı toplanışındakı ikinci oyununda “Səbail”ə 3:2 hesabı ilə qalib gəlib.