«Qəbələ»dən səfər qələbəsi
Xəbərlər / 7 Oktyabr 2017 | 18:01394
«Qəbələ»dən səfər qələbəsi

“Neftçi” – “Qəbələ” – 1:2

Mirabdulla Abbasov, 90//Elvin Məmmədov, 23, Famoussa Kone, 57

Milli komandaların oyunları ilə əlaqədar Topaz Premyer Liqasında yaranan fasilə dövründə hazırlıqlarını Bakıda keçirən “Qəbələ” yoxlama oyununda qüvvəsini sınayıb. “Qırmızı-qaralar” paytaxtın “Neftçi” klubu ilə üz-üzə gəlib. Qarşılaşma İsmət Qayıbov adına təlim-məşq bazasında baş tutub. Roman Qriqorçuk hazırlıq oyununa aşağıdakı heyətə start “11-liy”ində şans verib: Dmitri Bezotosnı, Vitali Vernidub, Rasim Ramaldanov, Tellur Mütəllimov, Deyv Bultuis, Elvin Camalov, Asif Məmmədov, Baqali Dabo, Endi Hallidey, Ekiqo Ehiosun, Ülvi İsgəndərov.

Görüşdə hesab ilk yarının ortalarında açılıb. Elvin Məmmədov 23-cü dəqiqədə meydan sahiblərinin qapısına yol tapıb. Bu top fasiləyədək vurulan yeganə qol olub. Hər iki komandanın baş məşqçisi ikinci hissədən öncə oyunçu dəyişikliklərindən istifadə edib. Hələ ilk yarı başa çatmamış Deyvi Elvin Camalovla əvəzləyən Qriqorçuk fasilədə daha 4 dəyişiklikdən yararlanıb. Mütəllimovu Ülvi İbazadə, İsgəndərovu Stiven Monroz, Hallideyi Amin Seydiyev, Ehiosunu Famoussa Kone əvəz edib.

Qarşılaşmada ikinci qolu da meydana sonradan daxil olan futbolçu vurub. Kone 57-ci dəqiqədə “qırmızı-qaralar”ın üstünlüyünü 2 topa çatdırıb. İkinci hissənin gedişində Dabo yerini Hacıağa Hacılıya, Bezotosnı isə Aqil Məmmədova verib. Rövlan Muradov İbazadəni, Tural Məmmərzayev isə Camalovu əvəzləyib. Meydan sahibləri qarşılaşmanın sonlarında toplardan birinin əvəzini çıxıb. Paytaxt təmsilçisinin heyətində Mirabdulla Abbasov fərqlənib. Beləliklə, “Qəbələ” “Neftçi” ilə yoxlama oyununda 2:1 hesabı ilə qalib gəlib.

Xatırladaq ki, “qırmızı-qaralar” Premyer Liqadakı növbəti oyununu oktyabrın 14-də “Sumqayıt”a qarşı keçirəcək.