«Qəbələ»dən səfər qələbəsi - Video
Xəbərlər / 21 İyul 2017 | 00:38860
«Qəbələ»dən səfər qələbəsi - Video

“Yagelloniya” (Polşa) - “Qəbələ” – 0:2

UEFA Avropa Liqası. II təsnifat mərhələsi, cavab oyunu

20 iyul. Saat 22:30. Belostok. Şəhər stadionu

Baş hakim: Konstantin Sebastyan Koltesku (Rumıniya)

Baş hakimin köməkçiləri: Radu Adrian Stefan Ginquleaç, Vladimir Urzika (hər ikisi Rumıniya)

Dördüncü hakim: George Katalin Qaman (Rumıniya)

UEFA nümayəndəsi: Jan Pol Mievis (Belçika)

Hakim-inspektor: Qoran Mihalyeviç (Monteneqro)

Qollar: İlqar Qurbanov, 18, Filip Ozobiç, 89

Sarı vərəqələr: Gilyerme Sitya, 22 // Cavid Hüseynov, 83

Artırılan vaxt: I hissədə 1 dəq.; II hissədə 3 dəq.

İlk oyun – 1:1

 

“Qəbələ” UEFA Avropa Liqasında növbəti oyununu keçirib. “Qırmızı-qaralar” II təsnifat mərhələsinin cavab oyununda Polşanın “Yagelloniya” klubu ilə qarşılaşıb. Komandamız ilk matçla müqayisədə səfər görüşünə fərqli heyətlə çıxıb. Belə ki, baş məşqçi Roman Qriqorçuk start “11-lik”də üç dəyişiklik edib. Deyv Bultuis, Famoussa Kone və Dion Malone bu dəfə ilk dəqiqələrdən meydanda olub. Əvəzində Elvin Məmmədov, Ürfan Abbasov və Xavi Ernandes qarşılaşmaya ehtiyat oyunçular skamyasında başlayıb.

Bakıdakı 1:1 hesablı bərabərlikdən sonra qol vurmalı olan “Qəbələ” ilk dəqiqələrdən fəallığı ilə diqqət çəkib. Matçın əvvəlində hər iki komanda meydanın mərkəzi uğrunda mübarizə aparıb, üstünlüyə yiyələnməyə çalışıb. Lakin komandalar qapılar önündə real qol vəziyyəti yarada bilməyib. Daha istəkli görünən “Qəbələ”nin təzyiqi artırması hesabın açılması ilə nəticələnib. Cərimə meydanının küncündən qapını nişan alan İlqar Qurbanov “qırmızı-qara” formada ilk qoluna imza atıb. Yaxın küncə ünvanlanan topa toxunan qapıçının kobud səhvi də hesabın açılmasında rol oynayıb. Bundan sonra üstünlüyü ələ alan “Qəbələ” uzun müddət topa nəzarət edib. Bir neçə dəfə uzaq zərbə ilə meydan sahiblərini narahat edən futbolçularımızdan Vojislav Stankoviçin qapını nişan almaq cəhdi yaddaqalan olub. İlk yarının sonlarında fəallığı artıran “Yagelloniya” ardıcıl hücumlar təşkil edib. Bir neçə dəfə oyuna daxil olan Dmitri Bezotosnı polşalıların fərqlənməsinə imkan verməyib. O, iki dəfə Fyodor Çernıxın cərimə meydanı daxilindən zərbələrini dəf edib. 11 metrlik nöqtə yaxınlığında nəzarətsiz qalan Taras Romançuk isə çərçivəyə düşməyib.

İkinci hissəyə Belostok klubu fəal başlayıb. Fasilədən sonra meydan sahibləri iki təhlükəli imkan əldə edib. Öncə Bezotosnı, ardınca isə Şeridanın ayaqları altından topu uzaqlaşdıran Stankoviç rəqibin fərqlənməsinə imkan verməyib. Sürətli əks-hücumlar qurmaq imkanı əldə edən “Qəbələ” də qol vurmağa yaxın olub. Lakin qapıçı ilə üz-üzə qalan Filip Ozobiç komanda yoldaşının ötürməsinə çatmayıb. “Yagelloniya”nın üstünlüyə malik olduğu vaxtda inamla müdafiə olunan “qırmızı-qaralar”ın sürətli əks-hücumları daha təhlükəli olub. Endi Hallideyin 23 metrdən qüvvətli zərbəsini qapıçı tuta bilib. “Qəbələ”nin müdafiə xəttini yara bilməyən polşalılar üstünlüyü qola çevirmək üçün uzaq zərbələrə əl atıb. Lakin bu zərbələr ya arxa xətt oyunçularından dönüb, ya da Bezotosnı inamlı oynayıb. Hücuma aludə olan meydan sahiblərinin arxa xəttindəki boşluqlar isə oyunun sonlarında daha qabarıq hiss olunub. Məhz belə hücum zamanı Cavid Hüseynovun gözəl ötürməsindən sonra Ozobiç qapıçı ilə üz-üzə qalıb. Rəqibini aldadan yarımmüdafiəçi topu tora göndərib. Bu qol həm matçın, həm də cütün taleyinə aydınlıq gətirib. 

Beləliklə, 2:0 hesablı səfər qələbəsi qazanan “Qəbələ” III təsnifat mərhələsinə yüksəlib. “Qırmızı-qaralar” bu raundda Yunanıstanın “Panatinaikos” klubu ilə görüşəcək. İlk oyun iyulun 27-də Afina təmsilçisinin meydanında baş tutacaq.

 

“Yagelloniya”

25. Marian Klemen

6. Taras Romançuk

8. Lukaş Burliqa

(28. Karol Sviderski, 76)

9. Arvidas Novikovas

10. Fyodor Çernix

12. Gilyerme Sitya

(44. Lukaş Sekulski, 84)

13. Prjemislav Mistovski

(26. Martin Pospişil, 34)

16. Qutyer Tomelin

17. İvan Runye

18. Silian Şeridan

22. Rafal Qrzib (k)

 

Ehtiyat oyunçular: 

96. Damian Veqlarz

2. Ziqmund Qordon

7. Dmitro Xomçenovski

20. Davit Şimonoviç

 

Baş məşqçi: İrenius Mamrot

 

“Qəbələ”

22. Dmitri Bezotosnı

3. Vojislav Stankoviç

12. Endi Hallidey

(4. Elvin Camalov, 77)

14. Cavid Hüseynov (k)

(6. Elvin Məmmədov, 90+2)

15. Vitali Vernidub

16. Dion Malone

18. İlqar Qurbanov

19. Filip Ozobiç

21. Deyv Bultuis

28. Stiven Jozef-Monroz

45. Famoussa Kone

(11. Asif Məmmədov, 72)

 

Ehtiyat oyunçular: 

23. Aqil Məmmədov

5. Rasim Ramaldanov

20. Xavi Ernandes

34. Ürfan Abbasov

 

Baş məşqçi: Roman Qriqorçuk