«Qəbələ» heç-heçə ilə başladı
Xəbərlər / 10 Yanvar 2018 | 20:53641
«Qəbələ» heç-heçə ilə başladı

“Akhisar Bələdiyyəspor” (Türkiyə) – “Qəbələ” (Azərbaycan) - 1:1

Qollar: Serjinyo, 17 - Filip Ozobiç, 57

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Qəbələ” yoxlama oyunu keçirib. 2018-ci ilin ilk sınağında rəqibi “Akhisar Bələdiyyəspor” olub. Qarşılaşma Bələkdəki “Rixos Premium” otelinin meydançasında baş tutub. “Qırmızı-qaralar” Türkiyə Superliqasında çıxış edən rəqiblə görüşə aşağıdakı start heyəti ilə başlayıb: Murad Popov, Qismət Alıyev, Voislav Stankoviç, Ürfan Abbasov, Ruslan Qurbanov, Asif Məmmədov, Cavid Hüseynov, Stiven Monroz, Filip Ozobiç, Baqali Dabo, Famussa Kone.

Maraqlı və bərabər mübarizə şəraitində keçən oyunda hesab 17-ci dəqiqədə açılıb. Akhisar təmsilçisinin legioneri Serjinyo fərqlənib. Qarşılıqlı hücumlarla davam edən ilk yarıda hesab dəyişməyib. Matçın fasiləsində hər iki komandanın heyətində oyunçu dəyişiklikləri gerçəkləşib.

Matçın gedişində “Qəbələ”də Vitali Vernidub, Elvin Camalov, Elvin Məmmədov, Təmkin Xəlilzadə, Kalke Vercilio, İlqar Qurbanov, Yusif Nəbiyev, Alen Askerov, Hacıağa Hacılı və Rasim Ramaldanov da oyuna daxil olublar. İkinci hissənin əvvəllərində “Qəbələ” qol sevinci yaşayıb. Filip Ozobiç 57-ci dəqiqədə hesabda tarazlıq yaradıb. Bu, həm də matçın yekun nəticəsi olub. 

Beləliklə, 2017-2018-ci illər mövsümünün ikinci yarısına hazırlıq prosesində baş tutan ilk yoxlama oyunu 1:1 hesabı ilə başa çatıb.