«Qəbələ» ilk altılığa vəsiqəni iki qolla qazandı - Yannik Kamananın benefisi
Oyun icmalı / 23 Fevral 2013 | 13:25885
«Qəbələ» ilk altılığa vəsiqəni iki qolla qazandı - Yannik Kamananın benefisi

“Qəbələ” - “Xəzər Lənkəran” 2:0 

23 fevral 2013. Saat 15:00. Qəbələ şəhər stadionu. 1700 tamaşaçı
Baş hakim: Fariz Yusifov
Baş hakimin köməkçiləri: Azər Əsgərov, Vaqif Musayev
Dördüncü hakim: Vüsal Əliyev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Hakim-inspektor: Kərim Ağayev
Sarı vərəqələr: Lourival Rodriges, 30; Luis Paulo Hilario, 33; Yaşar Abuzərov, 44I; Amit Quluzadə, 58; // Gökhan Güleç, 34; Lusiano Olguin, 65 ; Adrian Skarlatake, 77 ; Marin Orsuliç, 81 
Qırmızı vərəqə: Vanderson Skarduelli, 89 (rəqibi bilərəkdən əllə vurduğuna görə)
Qollar: Yannik Kamanan, 1; 88 
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 4 dəq.

Premyer Liqanın XXI turunda "Qəbələ" doğma meydanda "Xəzər-Lənkəran"la üz-üzə gəldi. Futbolçularımız "Xəzər Lənkəran"la ev matçına çox ciddi yanaşırdılar. Qarşılaşmaya "ölüm-dirim" oyunu kimi baxan R.Məmmədovun yetirmələrində motivasiya yüksək idi. Görüş ərəfəsində "Qəbələ"nin düşərgəsində yeganə xoşagəlməz məqam məşqlərin birində Viktor Mendinin zədələnməsi idi. Onun yoxluğunda Lourival Rodriges Assis bu il ilk dəfə meydançaya çıxmışdı. Bundan başqa Dieqo Kosta Silva və Ürfan Abbasov da qış fasiləsindən sonra ilk dəfə start heyətdə yer almışdılar. Start fiti çalınan kimi irəli atılan komandamız dərhal təşəbbüsə yiyələndi. Bunun nəticəsidir ki, "Xəzər Lənkəran" 34-cü saniyədə məğlub duruma düşdü. Aleksandr Çertoqanovun qapı önünə ötürməsini Kamanan dəqiq baş zərbəsi ilə tamamladı. Əla başlanğıc idi! 5-ci dəqiqədə Kamanan dublunu rəsmiləşdirməyə yaxın oldu. Rəqib qapıçının kobud səhvindən sonra top Yannikin önünə düşdü, ancaq hücumçumuz bir anlıq pauza edərək, yaxın məsafədən "çərçivə"ni dəqiq nişan ala bilmədi. Az sonra Rəşad Abdullayevin qüvvətli zərbəsini qonaqlar çətinliklə yan xətdən çıxartdılar. Lənkəran klubu yalnız 15-ci dəqiqədən sonra özünə gəlməyə başladı, nəticədə rəqib tədricən ərazi üstünlüyünə yiyələndi. Təbii ki, qonaqlar hesabı bərabərləşdirmək üçün çox səy göstərirdilər. Komandamızın əsas məqsədi isə ilk növbədə qapının toxunulmazlığını qorumaq idi. Birinci hissənin ortalarında Aleksandr Çertoqanov zədə səbəbindən yerini digər dayaq yarımmüdafiəçisi Yaşar Abuzərova verdi. "Xəzər Lənkəran"ın ilk təhlükəli hücumu isə 29-cu dəqiqəyə təsadüf etdi. Cərimə meydançasındakı qarışıqlıq zamanı əvvəlcə Sialmas, ardınca Elnur Abdullayev topu tora qovuşdura bilərdi. Hər halda, fasiləyədək minimal hesablı üstünlüyü qorumaq mümkün oldu. İndi "Qəbələ"ni vacib qələbədən 45 dəqiqə ayırırdı. Komandamız ikinci hissədə də əks-hücum taktikasında oyunu davam etdirdi. Lənkəranlılar ən real qol epizodunu 69-cu dəqiqədə yaxaladılar. Ancaq Dieqo Kosta Silva möhtəşəm reaksiya ilə "doqquzluğ"a gedən zərbəni dəf etdi. Rəqibin bütün cəhdlərinin qarşısını alan "qırmızı-qaralar" dramatik matçın taleyinə 88-ci dəqiqədə tam aydınlıq gətirdilər. Dodonun assisentliyi ilə Kamananın iti bucaq altında endirdiyi zərbə "Xəzər Lənkəran"ın olan-qalan ümidlərini dəfn etdi. Bununla da, mövsümdə ilk dəfə dubla imza atan Yannik matçın qəhrəmanına çevrildi. Bu azmış kimi, qoldan bir dəqiqə sonra rəqib futbolçu Vanderson Skarduelli Dodonu bilərəkdən vurduğuna görə qırmızı vərəqə ilə meydançadan qovuldu. Hesab hətta 3:0-a da çata bilərdi. Kamanan əla ötürmə sayəsində Dodonu qapıçı ilə "duel"ə çıxartdı. Lakin braziliyalı yarımmüdafiəçi şansından istifadə edə bilmədi. Olmasın 3:0, olsun 2:0! Qələbə qələbədir. Məhz bu oyunda qazanılan 3 xal nəticəsində komandamız ilk "altılıq"dakı yerini rəmiləşdirdi. "Qəbələ" təsnifat mərhələsinin son turu çərçivəsində martın 3-də Bakıda AZAL-la qarşılaşacaq.

“Qəbələ”

25. Dieqo Kosta Silva
4. Amit Quluzadə
8. Kristian Pulhak
10. Luis Paulo Hilario
11. Yannik Kamanan 
(3. Vurğun Hüseynov, dəq.90+3)
15. Omar Kalabane
18. Aleksandr Çertoqanov 
(7. Yaşar Abuzərov, dəq.27)
22. Lourival Rodriqes 
(16. İfeanyi Emeqara, dəq.90)
27. Rəşad Abdullayev (k)
34. Ürfan Abbasov 
84. Dejan Kelhar 

Ehtiyat oyunçular:

30. Anar Nəzirov 
5. Luka Zinko 
14. Mustafa Dabo
90. Ceyhun Sultanov

Baş məşqçi: Ramiz Məmmədov

“Xəzər Lənkəran”

25. Orxan Sadıqlı 
3. Vanderson Skarduelli 
4. Alvaro Silva
(55. Ağabala Ramazanov, dəq.83)
5. Elnur Allahverdiyev
10. Elnur Abdullayev
(9. Uğur Pamuk, dəq.75)
11. Dmitrios Sialmas
14. Rahid Əmirquliyev (k)
16. Adrian Pit
24. Gökhan Güleç
(35. Lusiano Olguin, dəq.46)
27. Manuel Skarlatake
99. Marin Orsuliç 

Ehtiyat oyunçular:

30. Antonio Doblas
6. Robert Alviz 
7. Sadio Tounkara 
8. Eder Bonfim 

Baş məşqçi: Karles Bakes