«Qəbələ» ilk yoxlama oyununda qələbə qazandı
Xəbərlər / 12 Yanvar 2019 | 15:48422
«Qəbələ» ilk yoxlama oyununda qələbə qazandı

“Qəbələ” – “Qaradağ Lökbatan” – 2:0
(Rauf Əliyev, 20, Sabien Lilay, 62)

2018-2019-cu illər mövsümünün ikinci yarısının hazırlıqlarını davam etdirən “Qəbələ” qış fasiləsində ilk yoxlama oyununu keçirib. “Qırmızı-qaralar” “Qaradağ Lökbatan”la qarşılaşıb. I divizion təmsilçisi ilə görüş Biləcəri Futbol Mərkəzində baş tutub. Baş məşqçi Sənan Qurbanov bu matçda aşağıdakı start heyətinə şans verib: Dmitri Bezotosnı, Voislav Stankoviç, Bəhlul Mustafazadə, Amin Seydiyev, Qismət Alıyev, Cavid Hüseynov, Elvin Camalov, Stiven Monroz, Rövlan Muradov, Ceyms Adeniyi, Rauf Əliyev.

İlk dəqiqələrdən fəallıq göstərən “Qəbələ” fasiləyədək hesabı açıb. Birinci hissənin 20-ci dəqiqəsində Rauf Əliyev rəqib qapısına yol tapıb. Oyunun gedişində hər iki komanda dəyişikliklərindən istifadə edib. “Qırmızı-qaralar”ın heyətində Sabien Lilay, Asif Məmmədov, Ürfan Abbasov, Rasim Ramaldanov, Murad Popov, İlqar Qurbanov, Lalevele Atakora, Təbriz İsazadə, İzzət Müştaqov meydana daxil olub. Komandamızın 62-ci dəqiqədə vurduğu 2-ci qola Sabien Lilay imza atıb. Beləliklə, “Qəbələ” 2019-cu ilin ilk matçında 2:0 hesabı ilə qalib gəlib.