“Qəbələ” ilk yoxlama oyunundan məğlubiyyətlə ayrıldı
Xəbərlər / 21 Yanvar 2012 | 20:00103
“Qəbələ” ilk yoxlama oyunundan məğlubiyyətlə ayrıldı

Antalyada hazırlıqlarını davam etdirən “Qəbələ” bu gün Bakı vaxtı ilə saat 19:00-da ilk yoxlama oyununda gücünü sınayıb. Təmsilçimiz Qazaxıstan “Atırau”su  ilə qarşılaşıb. Komandalar meydançaya aşağıdakı start heyətlərlə çıxıblar:
“Qəbələ”: Pavel Doroşev, Ürfan Abbasov, Nodar Məmmədov, Sergey Sokolov, Lyubo Baranin, Tərzin Cahangirov,  Bruno da Silva, Nuran Qurbanov, Viktor Mendi, Deon Barton, Yannik Kamanan.

“Atırau”: Sergey Bayçenko, Maksim Samçenko, Bayan Trxulya, Sergey Kutsov, Yeqar Azovskiy, Valentin Çureyev, Nikita Xoxlov, Voin Vranxoviç, Yavor Vandev, Nivaldo, Vladislav Buaç.

Oyunun taleyi ilk hissədə həll olunub. Matça sürətli başlayan “Qəbələ” 11-ci dəqiqədə hesabı açıb. Viktor Mendi topu qapıçının üzərindən aşırmaqla onu arxada qoyub və başı ilə qapıya yol tapıb. Cəmi 6 dəqiqə sonra “Atırau” hesabı bərabərləşdirib. Vladislav Buaç fərqlənib. 24-cü dəqiqədə qazaxlar hesabda irəli çıxıblar. Bu dəfə Valentin Çureyev komandasını sevindirib.

İkinci hissəyə “Qəbələ” 10 dəyişikliklə çıxıb. Start heyətdən yalnız Nodar Məmmədov 2-ci  45-likdə mübarizəni davam etdirib: Qrem Smit, Saşa Yunisoğlu, Nodar Məmmədov, Mahir Şükürov, Daniel Kruz, Elmar Baxşıyev, Aleksandr Çertoqanov, Luis Hilario Dodo, Arif İsayev, Veselko Trivuniviç,  Murad Hüseynov.

İkinci yarıda daha təcrübəli heyətlə meydana çıxan qəbələ hissə boyunca oyuna nəzarət edən tərəf olsa da, hesab dəyişməyib. Dodo, Veselko Trivunoviç, Murad Hüseynov əlverişli vəziyyətlərdən istifadə edə bilməyiblər.

Fatih Kavlak: “Oyun  mübarizə şəraitində keçdi . Komandanın vəziyyətini, fiziki durumunu, taktiki tapşırıqları necə yerinə yetirdiyini görmək baxımından yararlı matç oldu. Hesab önəmli olmasa da, hesabın belə alınmasında buraxdığımız səhvlər çox önəmlidir. Bu səhvlər üzərində işləyərək hazırlığımızı davam etdirəcəyik”.