«Qəbələ» Kiyev «Dinamo»su ilə qarşılaşdı - Fotolar
Xəbərlər / 4 İyul 2017 | 22:461331
«Qəbələ» Kiyev «Dinamo»su ilə qarşılaşdı - Fotolar

“Qəbələ” – “Dinamo” (Kiyev, Ukrayna) – 1:2
(Elvin Məmmədov, 86 // Dmitri Xlobas, 13, 55)
Avstriyanın Zalsburq bölgəsində təlim-məşq toplanışında olan “Qəbələ” növbəti yoxlama oyununu keçirib. “Qırmızı-qaralar” ikinci təlim-məşq toplanışı çərçivəsində 2-ci matçında Kiyev “Dinamo”su ilə qarşılaşıb. Baş məşqçi Roman Qriqorçuk Ukraynanın ən titullu klubu ilə görüşdə aşağıdakı start heyətinə şans verib: Dmitri Bezotosnı, Vojislav Stankoviç, Vitali Vernidub, Ürfan Abbasov, İlqar Qurbanov, Cavid Hüseynov, Filip Ozobiç, Endi Hallidey, Araz Abdullayev, Xavyer Ernandes, Stiven Jozef-Monroz.
Oyunda ilk yaddaqalan epizodu “qırmızı-qaralar” yaradıb. Monrozun 7-ci dəqiqədəki uzaqdan güclü zərbəsi qapıdan aralı keçib. Komandamız topa daha çox nəzarət etməyə çalışsa da, Kiyev təmsilçisi hesabı açmağa müvəffəq olub. 13-cü dəqiqədə Dmitri Xlobas fərqlənib. Rəqib qapısına qısa ötürmələrlə yaxınlaşmağa çalışan “Qəbələ” Hallidey və Abdullayevin zərbələri ilə də qola yaxın olub. Lakin ilk zərbəni müdafiəçi dəf edib, ikinci halda hücum künc zərbəsi ilə yekunlaşıb. Hissənin ortalarında Endi real imkan əldə etməyə yaxın olsa da, topa çatmayıb. Ukraynalılar da bir neçə dəfə Bezotosnını narahat edib. Qolkiper öncə Siqankovun, ardınca Qarmaşın zərbəsini qaytarmağı bacarıb. Monrozun 37-ci dəqiqədə qapı önünə ötürməsini tamamlayan olmadısa, 3 dəqiqə sonra Ernandesin zərbəsi dəqiq alınmayıb. Rəqibin heyətində fəal olan Siqankovun daha iki zərbəsi diqqət çəkib.
Fasilədən sonra da oyun oxşar ssenari ilə davam edib. Oyunun gedişində Famoussa Kone, Fərid Nəbiyev, Elvin Camalov, Qismət Alıyev, Aqil Məmmədov, Elvin Məmmədov, Asif Məmmədov və Rasim Ramaldanov da meydana çıxıblar. Komandalar qarşılıqlı hücumlarla hesabı dəyişməyə çalışıb. 55-ci dəqiqədə ukraynalılar istəyinə çatıb. Xlobas dubla imza atıb. Hakimin final fitinə 4 dəqiqə qalmış “qırmızı-qaralar” fərqi azaltmağı bacarıb. Elvin Məmmədov “Dinamo”nun qapısına yol tapıb. Bu da matçda sonuncu qol olub. Beləliklə “Qəbələ” Avstriyadakı 7-ci matçında “Dinamo”ya 1:2 hesabı ilə uduzub.