“Qəbələ” “Neftçala” səddini birnəfəsə keçdi
Oyun icmalı / 29 Noyabr 2011 | 20:00942
“Qəbələ” “Neftçala” səddini birnəfəsə keçdi

Ölkə Kubokunun 1/8 fnal mərhələsi çərçivəsində keçirilən matçda “Qəbələ” doğma meydançada “Neftçala”nı qəbul etdi. Fərqli cəbhələrdə mübarizə aparan komandaların duelində meydan sahibləri aşkar favorit hesab olunurdular. 

Matç gözlənildiyi kimi “Qəbələ”nin üstünlüyü ilə başladı və bu üstünlük 90 dəqiqə davam etdi. İlk qolu isə çox gözləmək lazım gəlmədi. Tərəflər isinişməmiş “Qəbələ” rəqibini meydançanın mərkəzinə dəvət etdi. 2-ci dəqiqədə Dodonun qarşısının cərimə meydançasında kobudluqla alınması penalti ilə nəticələndi. Topa yaxınlaşan Serje Cehua qapıçıya şans vermədi: 1-0. Hissənin sonuna kimi “Qəbələ”nin Cehua, Mendi və Silvanın ifasında bir neçə dəfə fərqlənmək imkanı olsa da, Fatih Kavlakın yetirmələri fasiləyə minimal üstünlüklə yollandılar.

İkinci hissəyə də fəal başlayan “Qəbələ” 56-cı dəqiqədə fərqi artırdı. Mendidən ideal ötürmə alan Cehua dublunu rəsmiləşdirdi: 2-0. Matç boyunca hər hansı bir təhlükəli hücumla yadda qalmayan “Neftçala” qarşılaşmanın 74-cü dəqiqəsində 3-cü dəfə topu tordan çıxarmalı oldu. Dodonun cərimə meydançasına asmasını dəqiq baş zərbəsi ilə tamamlayan Saşa Yunisoğlu hesabı 3:0-a çatdırdı və matçın nəticəsini müəyyənləşdirdi. Beləliklə, kuboka uğurlu start verən komandamız “Neftçala” səddini inamla adladı. ¼ final mərhələsində isə “Qəbələ”ni “Sumqayıt Şəhər”i 3:0 hesabilə məğlub edən “Qarabağ” ilə çətin oyun gözləyir.


Fatih Kavlak :”Belə oyunlara köklənmək asan olmur. Komandaya oyuna ciddi yanaşmağı tapşırmışdım. Futbolçularım dediklərimə əməl etdilər. Oyun gedişində komandaların keyfiyyət fərqi özünü göstərdi. Kubok oyunlarına ciddi yanaşırıq. Hədəfimiz kuboku qazanmaqdır”.