“Qəbələ”nin daha iki futbolçusu “Sabah” klubuna transfer olunacaq. Bunlar 18 yaşlı Samir Məhərrəmli və 19 yaşlı İdris İnqilablıdır. Yarımmüdafiəçilərin paytaxt klubuna keçidi ilə bağlı razılıq əldə olunub. “Qəbələ” və “Sabah” arasında razılaşma 2019/20 mövsümünün ardından qüvvəyə minəcək. Həmin vaxtdan Samirlə İdris karyerasını Bakı təmsilçisində davam etdirəcək.
“Qəbələ” Futbol Akademiyasının yetirməsi olan yarımmüdafiəçilər Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının üzvləridir. Hər iki oyunçu UEFA Gənclər Liqasında “Qəbələ”nin formasını geyinib. İnqilablı cari mövsümdə əsas komandada da debüt edib. O, “qırmızı-qaralar”ın heyətində 4 matç keçirib.
Xatırladaq ki, bir müddət öncə Amin Seydiyevin də 2019/20 mövsümü başa çatdıqdan sonra “Sabah”a transferi ilə bağlı razılıq əldə olunub.