«Qəbələ»nin oyununda 4 qol
Xəbərlər / 11 İyul 2019 | 14:33657
«Qəbələ»nin oyununda 4 qol

“Qəbələ” – “Vorskla” (Ukrayna) – 1:3

(Ülvi İsgəndərov, 41)

2019-2020-ci illər mövsümünün hazırlıqlarını davam etdirən “Qəbələ” Türkiyə toplanışı çərçivəsində ikinci yoxlama oyununu keçirib. “Qırmızı-qaralar” Ukraynanın “Vorskla” klubu ilə üz-üzə gəlib. Görüş Boludakı “Koru” otelinin meydançasında baş tutub. Sənan Qurbanov qarşılaşmada aşağıdakı start heyətinə şans verib: Anar Nəzirov, Amin Seydiyev, Sadiq Quliyev, Yusif Nəbiyev, Qismət Alıyev, Kamal Mirzəyev, Merab Qiqauri, Fernan Lopez, Rövlan Muradov, Roman Hüseynov, Ülvi İsgəndərov.

Qarşılıqlı hücumlarla keçən oyunun ilk hissəsində iki qol vurulub. Hər iki top fasilə ərəfəsində qeydə alınıb. 41-ci dəqiqədə Ülvi İsgəndərov hesabı açıb. Üç dəqiqə sonra Ukrayna klubu bərabərlik qoluna imza atıb.

Fasilədə və ikinci hissənin gedişində hər iki komandanın heyətində dəyişikliklər edilib. “Qəbələ”də Murad Musayev, Rasim Ramaldanov, Tərlan Əhmədli, İdris İnqilablı, Klesio Bauk və Kristian Kouakou meydana daxil olub. Onlar Yusif Nəbiyev, Sadiq Quliyev, Anar Nəzirov, Rövlan Muradov, Kamal Mirzəyev və Merab Qiqaurini əvəzləyiblər. Hissənin əvvəlində Poltava klubu hesabda önə keçməyi bacarıb. Buraxılan qoldan iki dəqiqə sonra – 59-cu dəqiqədə “qırmızı-qaralar” penalti imkanı qazanıb. Lakin Ülvi dublunu rəsmiləşdirə bilməyib. Görüşün sonlarında daha bir dəfə fərqlənən Ukrayna təmsilçisi 3:1 hesablı qələbə qazanıb.

Xatırladaq ki, Boludakı ilk oyununda “Mariupol”la (Ukrayna) üz-üzə gələn “Qəbələ”  2:1 hesabı ilə qalib gəlmişdi.