«Qəbələ»nin üç rəqibi müəyyənləşdi
Xəbərlər / 26 Dekabr 2016 | 19:51330
«Qəbələ»nin üç rəqibi müəyyənləşdi

“Qəbələ”nin qış hazırlıq planı müəyyənləşib. Azərbaycan kubokunun 1/4 final mərhələsinin AZAL-la dekabrın 21-də keçirilən oyunundan sonra istirahətə buraxılan “qırmızı-qaralar” 2017-ci il yanvarın 9-da bir araya gələcək. Həmin gün komandamız təlim-məşq toplanışı keçirmək üçün Türkiyəyə yollanacaq. “Qəbələ”nin legioner futbolçuları da komandaya Antalyada qoşulacaq. Roman Qriqorçukun yetirmələri yanvarın 9-dan 25-dək qonşu ölkədə hazırlıq keçəcək. “Qəbələ” hazırlıq müddətində Belek bölgəsində “Gloria Sereniti” otelində məskunlaşacaq. “Qırmızı-qaralar” toplanış zamanı 5 yoxlama oyununda qüvvəsini sınamağı planlaşdırır. Artıq bu qarşılaşmalardan üçündəki sınaqçı rəqiblər və oyunların tarixi bəllidir. Yanvarın 13-də komandamız Albaniyanın “Partizani” klubu ilə görüşəcək. 15 dəfə ölkə çempionu olan bu klub ötən mövsüm yarışı 2-ci pillədə başa vurub. Buna baxmayaraq, cari mövsümə UEFA Çempionlar Liqasında başlayan albaniyalılar UEFA Avropa Liqasının pley-offunda mübarizəni dayandırıb. “Qəbələ” 5 gün sonra Rumıniya təmsilçisi “Qaz Metan”la üz-üzə gələcək. Rəqibimiz ötən mövsüm aşağı dəstənin çempionu olmaqla, yenidən yüksək liqaya yüksəlib. Komandamız ayın 23-də Makedoniyanın “Şkendiya” klubu ilə qarşılaşacaq. Sonuncu rəqibimiz 2000-2001-ci illər mövsümündə Makedoniya çempionu olub. Ötən mövsüm ölkə çempionatını 2-ci pillədə başa vuran komanda UEFA Avropa Liqasının cari mövsümündə pley-offa qədər irəliləyib.