«Qəbələ»nin yeni baş məşqçisi - Roman Qriqorçuk
Xəbərlər / 18 Dekabr 2014 | 08:401324
«Qəbələ»nin yeni baş məşqçisi - Roman Qriqorçuk

"Qəbələ"nin yeni baş məşqçisi müəyyənləşib. Dorinel Muntyanunun istefasından sonra boş qalan posta ukraynalı mütəxəssis Roman Qriqorçuk təyin edilib. Qriqorçuk ilə 1,5 illik müqavilə imzalanıb.

Futbolçu kimi 5 ölkədə çıxış edən 49 yaşlı mütəxəssis vətənində “Prikarpatye” (1988-94) və “Krivbass” (1996-97), Avstriyada “Sankt-Pelten” (1994-95), Polşada “Petroximiya” (1995), Rusiyada “Saturn”un (1996-97) şərəfini qoruyub. 1998-ci ildə Latviyaya üz tutan Qriqorçuk “Dinaburq”da 2 il futbolçu, eyni zamanda, baş məşqçinin köməkçisi olub. 2000-2005-ci illərdə bu klubun baş məşqçisi kimi fəaliyyət göstərən mütəxəssis 2005-09-cu illərdə Latviyanın digər təmsilçisi “Ventspils”in “sükanı arxasında” olub. Titullarını məhz “Ventspils”də əldə edən Qriqorçuk komandasına 3 dəfə Latviya çempionluğunu (2006, 2007, 2008), iki dəfə Latviya kubokunu (2005, 2007) qazandırıb. Bundan başqa, o, komandasını 2007-ci ildə həm Birlik kuboku, həm də  Baltika Liqası finalına daşıyıb. 2009-cu ildə 11 illik Latviya karyerasını başa vurub, Ukraynaya qayıdan Qriqorçuk 2009-10-cu illərdə Zaporojye “Metallurq”unu çalışdırıb. Son klubu Odessa “Çernomorets”i olan mütəxəssis 2010-cu ildən 2014-cü ilin dekabrına qədər bu komandaya rəhbərlik edib. Elə ilk mövsümdə - 2010/11 mövsümündə Odessa klubunu I dəstədən Premyer Liqaya çıxaran Qriqorçuk 2012/13 mövsümündə ölkə kubokunun finalçısı olub. "Çernomorets" çalışdırıcının rəhbərliyi ilə 2013/14 mövsümündə UEFA Avropa Liqasının 1/16 final mərhələsinə qədər yüksəlib.

Evlidir, iki övladı var.