«Qəbələ» «Panatinaikos»la matçın hazırlığına start verdi
Xəbərlər / 22 İyul 2017 | 10:52369
«Qəbələ» «Panatinaikos»la matçın hazırlığına start verdi

UEFA Avropa Liqasının III təsnifat mərhələsində Yunanıstanın “Panatinaikos” klubu ilə qarşılaşacaq “Qəbələ” Afinada keçiriləcək ilk matçın hazırlığına başlayıb. II təsnifat mərhələsində Polşanın “Yagelloniya” klubuna səfərdə 2:0 hesabı ilə qalib gələn “qırmızı-qaralar” məşqlərinə Varşavada start verib. İyulun 21-də Belostokdan paytaxta yollanan komandamız hazırlığını Varşavada gerçəkləşdirib. Futbolçularımız toplu və topsuz çalışmaları yerinə yetirib. “Qəbələ” bu gün baş tutacaq növbəti məşqini də Varşavada gerçəkləşdirəcək. Komandamız sabah Yunanıstana yollanacaq. “Qırmızı-qaralar” iyulun 27-də baş tutacaq oyunun hazırlıqlarını Afinada davam etdirəcək.

Qeyd edək ki, Afinadakı “Apostolos Nikolaidis” stadionunda keçiriləcək “Panatinaikos” – “Qəbələ” matçı Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.