«Qəbələ» «Panatinaikos» səddini keçə bilmədi
Xəbərlər / 3 Avqust 2017 | 23:35460
«Qəbələ» «Panatinaikos» səddini keçə bilmədi

“Qəbələ” (Azərbaycan) – “Panatinaikos” (Yunanıstan) – 1:2

UEFA Avropa Liqası. III təsnifat mərhələsi, cavab oyunu

3 avqust. Saat 21:00. Bakı. “Bakcell Arena” stadionu

Baş hakim: Kreyq Pauson (İngiltərə)

Baş hakimin köməkçiləri: Li Betts, Adam Nunn (hər ikisi İngiltərə)

Dördüncü hakim: Kevin Friend (İngiltərə)

Hakim-inspektor: Laslo Vaqner (Macarıstan)

UEFA nümayəndəsi: Aloyziye Şupraha (Xorvatiya)

Qollar: Rodriqo Moledo, 52-öz qapısına // Robin Lod, 63, Brayan Kabezas, 66

Vərəqələr: Dion Malone, 20 // Robin Lod, 51

Artırılan vaxt: I hissədə 1 dəq.; II hissədə 3 dəq.

İlk oyun – 0:1

 

“Qəbələ” bu gün növbəti avrokubok oyununu keçirib. “Qırmızı-qaralar” III təsnifat mərhələsinin cavab matçında “Panatinaikos” klubu ilə görüşüb. Yunanıstan təmsilçisini evdə qəbul edən komandamız görüşə bir həftə əvvəl keçirilən oyundakı heyətlə başlayıb. Belə ki, baş məşqçi Roman Qriqorçuk start heyətində dəyişikliyə ehtiyac duymayıb.

Hakimin start fiti ilə irəli atılan “Qəbələ” fəallıq hesabına üstünlüyü ələ almağa çalışıb. Lakin “Panatinaikos” futbolçuları topa nəzarətin rəqibə keçməsinə imkan verməyib. Qarşılıqlı hücumlarla keçən görüşdə ilk təhlükəni qonaqlar yaradıb. 9-cu dəqiqədə cinahdan ötürmədən sonra uzaq dirəyin yanında nəzarətsiz qalan iki yunanıstanlı boş olan çərçivəni dəqiq nişan ala bilməyib. Bundan sonra afinalılar cüzi üstünlüyə yiyələnib. 5 dəqiqə sonra yaxın məsafədən zərbəni Dmitri Bezotosnı dəf edib. Komandamızın ilk yaddaqalan epizodu İlqar Qurbanovun cərimə zərbəsi olub. Lakin yaxın küncə göndərilən topun qarşısını almaq qapıçı üçün çətinlik yaratmayıb. Hissənin ortalarında qapıçı meydanının küncündən baş zərbəsi vuran “Panatinaikos” futbolçusuna hesabı açmaq üçün dəqiqlik çatmayıb. Əsasən sürətli əks-hücumlar qurmağa çalışan “qırmızı-qaralar” fasilə ərəfəsində fəallığı artırıb. Son saniyələrdə Filip Ozobiçlə divar paslaşmasından sonra qapını nişan alan Dion Malone qüvvətli zərbə endirib. Amma onun vurduğu top dirəyin yanından ötüb.

İkinci hissəyə daha fəal başlayan “Qəbələ” üstünlüyə yiyələnib. Ardıcıl hücumlar tezliklə bəhrəsini verib. 52-ci dəqiqədə çoxgedişli hücum Stiven Jozef-Monrozun sol cinahla cərimə meydanında irəliləyib qapı önünə ötürmə verməsi ilə nəticələnib. Rəqib futbolçu Rodriqo Moledoya çarpan top qapıdan keçib – 1:0. Qoldan sonra hücumlarını davam etdirən komandamız fərqi artırmağa yaxın olub. 5 dəqiqə sonra Stivenin uzaq zərbəsini qapıçı dəf edib. Ümumiyyətlə cinahdakı fəallığı hesabına fransalı rəqibi gərginlikdə saxlayıb. Lakin qonaqların baş məşqçisi əvəzetmələrlə oyunda dönüş yaratmağa müyəssər olub. Öncə cərimə meydanında nəzarətsiz qalan Robin Lod komanda yoldaşının ötürməsindən sonra qapını dəqiq nişan alıb – 1:1. Qolun ardından üstünlüyə yiyələnən “Panatinaikos” hesabda önə keçməyi də bacarıb. Matça sonradan daxil olan Brayan Kabezas cərimə meydanında rahat hərəkətlər edib və qarşısıalınmaz zərbə endirib – 1:2. Cütün taleyini böyük ölçüdə həll edən afinalılar daha bir neçə dəfə real qol imkanı əldə edib. Bir neçə dəfə Bezotosnı komandamızı qoldan qurtara bilib. Roman Qriqorçukun əvəzetmələrindən sonra “qırmızı-qaralar” da xeyli fəallaşıb. Lakin bu fəallıq müdafiədə boşluqların da yaranmasına səbəb olub. Filip Ozobiç və Famoussa Kone qapı istiqamətində yaddaqalan zərbələr vursa da, “Panatinaikos” buna daha kəsərli cavab verib. Lakin qarşılıqlı hücumlarla davam edən matçın sonluğunda hesab dəyişməyib.

Beləliklə, Afinada 0:1 hesabı ilə uduzan “Qəbələ” evdə də məğlubiyyətə üzülüb 1:2. Bununla da “qırmızı-qaralar” UEFA Avropa Liqasının 2017/18 mövsümündə çıxışını başa vurub.

 

“Qəbələ”

22. Dmitri Bezotosnı

3. Vojislav Stankoviç

9. Baqali Dabo

(45. Famoussa Kone, 74)

12. Endi Hallidey

14. Cavid Hüseynov (k)

(11. Asif Məmmədov, 75)

15. Vitali Vernidub

16. Dion Malone

(6. Elvin Məmmədov, 80)

18. İlqar Qurbanov

19. Filip Ozobiç

21. Deyv Bultuis

28. Stiven Jozef-Monroz

 

Ehtiyat oyunçular: 

23. Aqil Məmmədov

4. Elvin Camalov

5. Rasim Ramaldanov

34. Ürfan Abbasov

 

Baş məşqçi: Roman Qriqorçuk

 

 “Panatinaikos”

99. Odisseas Vlaxodimos

7. Omri Altman

(18. Lusiano, 56)

8. Gilyerme Molins

(5. Nuno Reis, 80)

10. Zeka (k)

17. Robin Lod

21. Dmitris Korbelis

23. Niklas Hult

26. Dmitrios Kolovetsios

31. Rodriqo Moledo

39. Anastasios Çatziqiovanis

(11. Brayan Kabezas, 59)

78. Usman Kulibali

 

Ehtiyat oyunçular: 

15. Luk Stil

6. Kristos Donis

41. Stefanos Evangelo

49. Sotiris Pispas

 

Baş məşqçi: Marinos Ozounidis