«Qəbələ» Premyer Liqaya səfər qələbəsi ilə başladı - Video
Xəbərlər / 12 Avqust 2017 | 22:55430
«Qəbələ» Premyer Liqaya səfər qələbəsi ilə başladı - Video

“İnter” – “Qəbələ” – 1:2
12 avqust 2017. Saat 20:00. “İnter Arena”, 500 tamaşaçı 
Baş hakim: Ömər Paşayev
Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Mehman Mahmudov        
Dördüncü hakim: Rauf Cabbarov 
AFFA nümayəndəsi: Ramiz Mustafayev 
Hakim-inspektor: Asim Xudiyev 
Sarı vərəqələr: Mirhüseyn Seyidov, 31 (qeyri-idman hərəkəti); Samir Zərgərov, 78 (qeyri-idman hərəkəti) // Stiven Jozef-Monroz, 41 (qeyri-idman hərəkəti); Elvin Məmmədov, 61 (qeyri-idman hərəkəti); Filip Ozobiç, 90+2 (tələb olunan məsafəyə riayət etmədiyi üçün)
Qollar: Pərdis Fərcad-Azad, 71 // Elvin Məmmədov, 13; Filip Ozobiç, 23 (p.)
Artırılan vaxt: I hissədə 1 dəq ; II hissədə 4 dəq.

Topaz Premyer Liqasında 2017/18 mövsümünə start verilib. “Qəbələ” ilk oyununu turun ikinci günü keçirib. “Qırmızı-qaralar” Bakıda “İnter”in qonağı olub. Baş məşqçi Roman Qriqorçuk son avrokubok matçı ilə müqayisədə heyətdə bir sıra dəyişikliklər edib. Yunanıstan “Panatinaikos”u ilə Bakıda keçirilən görüşdə ilk “11-lik”də yer alan legionerlər Baqali Dabo, Endi Hallidey və Dion Malone bu dəfə ehtiyatda qalıb. Əvəzində yerli futbolçulardan Elvin Məmmədov, Qismət Alıyev və Asif Məmmədov start heyətində yer alıb.
Görüş qarşılıqlı hücumlarla başlayıb. Lakin daha fəal olan “Qəbələ” topa nəzarəti ələ ala bilib. Buna baxmayaraq, ilk real qol vəziyyətini meydan sahibləri yaradıb. Ara ötürməsindən sonra qapıçı ilə üz-üzə qalan Mirhüseyn Seyidov uzaq küncü nişan alsa da, Dmitri Bezotosnı topu dəf edə bilib. Ardınca hücumlarını daha da artıran “Qəbələ” hesabı açmağa müvəffəq olub. Sağ cinahdan qapı önünə ötürmə verən İlqar Qurbanov qola assistentlik edib. Qapıçı meydanının xətti üzərində olan Elvin Məmmədov yaxın məsafədən toru silkələyib – 1:0. Qoldan dərhal sonra böyük qüvvə ilə irəli atılan “İnter” də fərqlənməyə yaxın olub. Lakin Mirsahib Abbasovun güclü zərbəsindən sonra Bezotosnı topu dəf edib. Üstün oyun nümayiş etdirən “Qəbələ” isə fərqi artıra bilib. Adrian Skarlatakenin cərimə meydanında qayda pozuntusu ilə Filip Ozobiçi dayandırması penalti ilə nəticələnib. Ötən mövsümün bombardiri zərbəni özü qola çevirib – 2:0. Komandamız fasiləyədək hesabı artırmağa da yaxın olub. Bir neçə rəqibindən sıyrılan Elvin Məmmədovun ötürməsindən sonra Stiven Jozef-Monrozun qüvvətli zərbəsi “doqquzluğ”a getsə də, rəqib qolkiper komandasını qoldan xilas edib. Bu epizoddan sonra bakılılar fəallığı artıraraq, üstünlüyü ələ almağı bacarıb. Lakin fasiləyədək nə cüzi üstünlüyə malik meydan sahibləri, nə də qonaqlar qol imkanı yaradıb.
İkinci hissə də eyni ssenari ilə başlayıb. “Qırmızı-qaralar” topa nəzarət edib, üstünlüyə yiyələnib. Lakin ilk təhlükə meydan sahiblərindən gəlib. Uzaqdan vurulan zərbəni Bezotosnı qaytarıb. Fəallığı artıran “Qəbələ”nin cavabı daha təhlükəli olub. Müdafiəçilərin arasından keçən Cavid Hüseynov qapıçı ilə üz-üzə qalib. Lakin inamlı oynayan qolkiper qola imkan verməyib. Bakılılar isə fərqi azaltmaq istəyini gerçəkləşdirə bilib. Cinahdan qapı önünə ötürmədən sonra Pərdis Fərcad-Azad fərqlənib. “Qəbələ” cərimə zərbəsindən fərqi yenidən iki topa çatdırmağa yaxın olub. Qismət Alıyevin yaxın “doqquzluğ”a ünvanlandığı topu qapıçı küncə çıxarıb. Meydan sahibləri məğlubiyyətdən qaçmaq üçün son dəqiqələrdə fəallaşıb. Mirhüseynin qapı önünə təhlükəli ötürməsindən sonra topa zərbə endirən olmayıb. Uzatma dəqiqələrində hər iki klubun qol imkanı əldə etməsi də diqqət çəkib. İlkin Qırtımovun zərbəsindən sonra top uzaq dirəyin yanından ötüb. Sürətli əks-hücum zamanı əlverişli mövqeyə çıxan Baqali Dabo isə çərçivəyə düşə bilməyib.
Beləliklə, “Qəbələ” Topaz Premyer Liqasının yeni mövsümünə 2:1 hesablı qələbə ilə start verib.

“İnter”
1. Orxan Sadıqlı
27. Adrian Skarlatake
3. Denis Silva (k)
33. Tərlan Quliyev
22. Ilkin Qırtımov
19. Mirhüseyn Seyidov
20. Aqşin Quluzadə
10. Elnur Abdullayev
6. Samir Zərgərov
(88. Məmməd Quliyev, 87)
7. Mirsahib Abbasov
(4. Slavik Alxasov, 62)
9. Pərdis Fərcad-Azad 

Ehtiyat oyunçular:

16. Şahin Zəkiyev
2. Sertan Taşkın
65. Cabir Əmirli
77. Oleq Hüseynov
66. Murad Qayalı
99. Ricat Qarayev

Baş məşqçi:  Zaur Svanadze

“Qəbələ”
22. Dmitri Bezatosnı
3. Voislav Stankoviç
6. Elvin Məmmədov
(4. Elvin Camalov, 81)
8. Qismət Alıyev
11. Asif Məmmədov
14. Cavid Hüseynov (k)
(17. Roman Hüseynov, 90)
15. Vitali Vernidub
18. İlqar Qurbanov
19. Filip Ozobiç
21. Deyv Bultuis
28. Stiven Jozef-Monroz
(9. Baqali Dabo, 81)

Ehtiyat oyunçular:

23. Aqil Məmmədov
35. Murad Popov
5. Rasim Ramaldanov
12. Endi Hallidey
16. Dion Omar Malone
34. Urfan Abbasov
45. Famussa Kone
77. Fərid Nəbiyev
88. Tellur Mütəllimov

Baş məşqçi: Roman Qriqorçuk