«Qəbələ» Rusiya klubu ilə heç-heçə etdi - Video
Xəbərlər / 20 Yanvar 2019 | 20:48988
«Qəbələ» Rusiya klubu ilə heç-heçə etdi - Video

“Qəbələ” – “Yenisey” (Rusiya) – 2:2

(Rauf Əliyev, 53, Sabien Lilay, 71-p. – Aleksey Qritsayenko, 56, Aleksandr Kutyin, 86)

Mövsümün ikinci yarısının hazırlıqlarını davam etdirən “Qəbələ” növbəti yoxlama oyununu keçirib. “Qırmızı-qaralar” Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışı çərçivəsində ikinci sınağına çıxıb. Komandamız Rusiyanın “Yenisey” klubu ilə qarşılaşıb. Belek bölgəsindəki “Cornelia Diamond” otelinin meydançasında baş tutan matçdan öncə 20 yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Baş məşqçi Sənan Qurbanov “Yenisey”lə qarşılaşmada aşağıdakı start “11-liy”inə şans verib: 22. Dmitri Bezotosnı, 3. Vojislav Stankoviç, 27. Bəhlul Mustafazadə, 23. Amin Seydiyev, 34. Urfan Abbasov, 4. Elvin Camalov, 14. Cavid Hüseynov, 17. Ceyms Adeniyi, 28. Stiven Monroz, 10. Rauf Əliyev, 99.Davit Volkovi.

Oyunun ilk hissəsində qapılara qol vurulmayıb. Fasilədə və ikinci hissənin gedişində hər iki komandanın heyətində oyunçu dəyişiklikləri olub. “Qəbələ”də Asif Məmmədov, Sabien Lilay, Qismət Alıyev, Lalevele Atakora, Rövlan Muradov komanda yoldaşlarını əvəzləyib. Qarşılaşmada hesab 53-cü dəqiqədə açılıb. Rauf Əliyev Rusiya təmsilçisinin qapısına qol vurub. Üç dəqiqə sonra şimallılar Aleksey Qritsayenkonun qolu ilə hesabı bərabərləşdirib. 71-ci dəqiqədə “Yenisey”in qapısına təyin olunan penaltini Sabien Lilay dəqiq yerinə yetirib. Hakimin final fitinə 4 dəqiqə qalmış Rusiya Premyer Liqası təmsilçisi Aleksandr Kutyinin qolu sayəsində hesabda tarazlıq yaradıb – 2:2. Beləliklə, yoxlama oyunu məhsuldar heç-heçə ilə başa çatıb.

Xatırladaq ki, “Qəbələ” Antalyada keçirdiyi ilk yoxlama oyununda Almaniyanın “Meppen” klubuna 1:2 hesabı ilə uduzmuşdu.