«Qəbələ» toplanışı qələbə ilə başa vurdu
Xəbərlər / 26 Yanvar 2019 | 22:12770
«Qəbələ» toplanışı qələbə ilə başa vurdu

“Qəbələ” – MTK (Macarıstan) – 3:2

Cavid Hüseynov, 40-p., Lalavele Atakora, 74, Sabien Lilay, 79

Mövsümün ikinci yarısına Türkiyədə hazırlaşan “Qəbələ” Antalya toplanışı çərçivəsində sonuncu yoxlama oyununu keçirib. “Qırmızı-qaralar” qonşu ölkədəki 3-cü hazırlıq matçında Macarıstanın MTK klubu ilə qarşılaşıb. Görüş Lara bölgəsindəki “Titanik” otelinin meydançalarında baş tutub. Əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq matç nəzərdə tutulduğundan 20 dəqiqə gec başlayıb. 

Komandamızın baş məşqçisi Sənan Qurbanov start heyətində aşağıdakı “11-liy”ə şans verib: 22. Dmitri Bezotosnı, 2. Amin Seydiyev, 3. Vojislav Stankoviç, 4. Elvin Camalov, 10. Rauf Əliyev, 14. Cavid Hüseynov (K), 17. Ceyms Adeniyi, 27. Bəhlul Mustafazadə, 28. Stiven Monroz, 34. Urfan Abbasov, 99. Davit Volkovi.

Oyunda hesabı macarıstanlılar açıb. Rəqib 2-ci dəqiqədə fərqlənib. “Qəbələ” fasilə ərəfəsində bərabərlik qoluna imza atıb. 40-cı dəqiqədə Cavid Hüseynov penalti zərbəsindən dəqiq istifadə edib. Oyunun fasiləsində və ikinci hissənin gedişində hər iki komandanın heyətində dəyişikliklər olub. “Qırmızı-qaralar”ın heyətində Rasim Ramaldanov, Roman Hüseynov, Qismət Alıyev, Asif Məmmədov, İlqar Qurbanov, Lalavele Atakora, Sabien Lilay meydana çıxıb. İkinci hissədə də öncə MTK qol sevinci yaşayıb. Qarşılaşmanın 74-cü dəqiqəsində rəqib qapısına yol tapan Lalavele Atakora hesabda tarazlıq yaradıb – 2:2. 5 dəqiqə sonra Sabien Lilay “Qəbələ”yə qələbə qazandıran qola imza atıb.

Beləliklə, “Qəbələ” 3 yoxlama oyununa çıxdığı Antalya toplanışını başa vurub. Bunadək Almaniyanın “Meppen” (1:2) və Rusiyanın “Yenisey” (2:2) klubları ilə görüşən komandamız sabah səhər saatlarında Türkiyəni tərk edərək vətənə yola düşəcək.