“Boluspor” (Türkiyə) – “Qəbələ” – 1:2
Merab Qiqauri, 19, Klesio, 47
2019-2020-ci illər mövsümünə hazırlığı davam etdirən “Qəbələ” Türkiyənin Bolu şəhərindəki təlim-məşq toplanışı çərçivəsində sonuncu yoxlama oyununu keçirib. “Qırmızı-qaralar” yerli “Boluspor”la üz-üzə gəlib. Sənan Qurbanov komandamızın start heyətində aşağıdakı futbolçulara şans verib: Anar Nəzirov, Amin Seydiyev, Sadiq Quliyev, Rasim Ramaldanov, Qismət Alıyev, Merab Qiqauri, David Volkov, Klesio, Fernan Lopez, Ülvi İsgəndərov, Kristian.
“Qəbələ” Türkiyə təmsilçisi ilə görüşə hücumlarla başlayıb. Komandamızın fəallığı 19-cu dəqiqədə hesabın açılması ilə nəticələnib. Merab Qiqauri meydan sahiblərini məyus edib. Oyunun fasiləsinə qədər qarşılıqlı hücumlarla davam edən ilk yarıda hesab dəyişməyib. Matçın fasiləsində və ikinci yarıda komandaların heyətində oyunçu dəyişiklikləri olub. “Qəbələ”də Kamal Mirzəyev, Roman Hüseynov, Rövlan Muradov, İdris İnqilablı və Faiq Hacıyev meydana daxil olub. Fasilədən iki dəqiqə sonra “qırmızı-qaralar” fərqi artırıb. Klesio qol sevinci yaşayıb. Türkiyəlilər görüşün sonunadək bu toplardan yalnız birinin əvəzini çıxa bilib.
Beləliklə, 2:1 hesablı qələbə qazanan “Qəbələ” Bolu toplanışını başa vurub. Bunadək Ukrayna təmsilçiləri “Mariupol” (2:1) və “Vorskla” (1:3) ilə görüşən komandamız bugünkü matçdan sonra vətənə qayıdacaq.