«Qəbələ» «Vakker» və MOİK-lə qarşılaşacaq
Xəbərlər / 17 İyun 2017 | 13:13608
«Qəbələ» «Vakker» və MOİK-lə qarşılaşacaq

İyunun 7-dən Avstriyada təlim-məşq toplanışında olan “Qəbələ” 2017/18 mövsümünün hazırlıqlarını davam etdirir. Məşqlərini Tirol bölgəsində İnnsburk şəhəri yaxınlığındakı Fulpmes qəsəbəsində gerçəkləşdirən “qırmızı-qaralar” gündə iki dəfə məşq keçir. Komandamız günün ilk yarısında fitness - zalda fiziki hazırlıq üzrə çalışmalara üstünlük verir. İkinci məşq isə meydançada toplu çalışmalardan ibarət olur. Artıq milli komandanın düşərgəsindən qayıdan futbolçular da komanda çalışmalarında iştirak edir. Cavid Hüseynov, Elvin Məmmədov, Ürfan Abbasov və Araz Abdullayevlə yanaşı, komandamızın yeni legioneri ispaniyalı Xavyer Ernandes Qonzales də məşqlərə qatılıb. Yerli “Fulpmes” (8:0) və Rusiya “Axmat”ı (0:1) ilə qarşılaşmalarda forma geyinə bilməyən oyunçular “qırmızı-qaralar”la yeni mövsüm üçün ilk məşqlərini keçiriblər.

Sabah komandamız Avstriyada növbəti sınağına çıxacaq. “Qəbələ” Avstriyanın “Vakker” və Bolqarıstanın MOİK klubları ilə birlikdə “Stubay Cup”da qüvvəsini sınayacaq. Bakı vaxtı ilə saat 18:00-da başlayacaq qarşılaşmalarda klublar bir-biri ilə 1 hissədən ibarət matçlarda üz-üzə gələcək.