“Qəbələ” və AFFA-dan ortaq layihə
Xəbərlər / 26 Yanvar 2012 | 20:00113
“Qəbələ” və AFFA-dan ortaq layihə

“Qəbələ” FK Futbolun Kütləviləşdirilməsi Departamenti  AFFA ilə birlikdə Qəbələ rayonunda yerləşən məktəblər arasında “Coca Cola”  turnirinə start verir. Turnir fevral, mart və aprel aylarında baş tutacaq. “Qəbələ” FK FKD artıq ikinci dəfədir ki, AFFA ilə birlikdə belə  bir turnirə imza atır. Turnir Qəbələ şəhər və kənd məktəblərini əhatə etməklə 7-ci sinifdə oxuyan məktəbli oğlan və qızların iştirakı ilə reallaşdırılacaq. 

Oyunlar “Qəbələ” FK-nın mərkəzi stadionunda keçiriləcək. Bu barədə gabalafc.az-a məlumat verən departamentin rəhbəri Co Doyl bu turnirin məktəblilərin həyatında böyük futbol təcrübəsi olacağını söyləyib: “Qəbələli oğlan və qızların “Qəbələ” Futbol Klubunun futbolçularının oynadığı yerdə futbol oynaması  onlar üçün çox böyük təcrübə olacaq. Bu həmçinin məktəblilərin futbol bacarıqlarını nümayiş etdirmələri üçün böyük imkan yaradacaq. Bu yolla biz məktəblilər arasından istedadı olanları seçə biləcəyik və onları Azərbaycan futboluna qazandırmağa səy göstərəcəyik.” 

Turnirin final görüşü “Qəbələ”nin premyer liqa görüşündən öncə baş tutacaq. Qalib  komanda Bakıda AFFA-nın təşkil etdiyi respublikanı əhatə edən turnirdə Qəbələni təmsil edəcək.