«Qəbələ» yenidən zirvədə
Xəbərlər / 19 Fevral 2017 | 20:33654
«Qəbələ» yenidən zirvədə

 “Qəbələ” – “Qarabağ” – 2:0
19 fevral 2017. Saat 17:30. Qəbələ şəhər stadionu, 4500 tamaşaçı  
Baş hakim: Fariz Yusifov
Baş hakimin köməkçiləri: Elman Musayev, Azər Əsgərov
Dördüncü hakim: Ömər Paşayev
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Əli Hüseynov
Sarı vərəqələr: Nika Kvekveskiri, 58 (qeyri-idman hərəkəti) // Markos Madera, 36 (qeyri-idman hərəkəti)
Qollar: Sergey Zenyov, 30; Filip Ozobiç, 68
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.


Bu gün Topaz Premyer Liqasında XIX tura yekun vurulub. Turun son qarşılaşması Qəbələdə keçirilib. Çempionatın liderləri “Qarabağ”la “Qəbələ” sonuncuların meydanında üz-üzə gəlib. “Qırmızı-qaralar” ötən turun “Zirə” ilə matçıyla müqayisədə start heyətində 3 dəyişiklik edib. Baş məşqçi Roman Qriqorçuk Rəşad Sadiqov, Məhəmməd Mirzəbəyov və Araz Abdullayevə “11-lik”də yer verib. Əvəzində cəzalı Rasim Ramaldanov, həmçinin Ruslan Qurbanovla Ürfan Abbasov kənarda qalıblar. Ötən turu buraxan Sadiqov mərkəz müdafiəçisi problemi yarandığından bu mövqedə çıxış edib. Kapitan sarğısı isə Cavid Hüseynovda olub.
Çempionluq yolunda böyük önəm daşıyan matça hər iki komanda kifayət qədər ehtiyatlı başlayıb. Düzdür, “Qəbələ” ilk dəqiqələrdən daha istəkli olduğunu nümayiş etdirərək, cüzi ərazi üstünlüyünə yiyələnib. Komandamızın meydanın rəqibə aid hissəsində pressinq etməsi bir neçə dəfə topu ələ keçirməsi ilə nəticələnib. Lakin hesab açılanadək qapılar önündə real qol vəziyyətləri yaranmayıb. Sağ cinahdan Tellur Mütəllimovun aut atışı cərimə meydanına ötürmə ilə davam edib. “Qəbələ” futbolçuları ardıcıl iki dəfə topu qapı xəttinin üstündən cərimə meydanına göndərib. İkinci cəhd 11 metrlik nöqtə yaxınlığında qərarlaşan Sergey Zenyovun qarşısıalınmaz zərbəsi ilə başa çatıb – 1:0. Bu, estoniyalının “Qəbələ”də 12-ci qolu olub. Buraxılan qoldan sonra qonaqlar fəallığı artırıb. Ansi Aqollinin 23 metrdən uzaq küncə göndərdiyi topu Dmitri Bezotosnı dəf edib. Ümumiyyətlə, qoldan sonra “Qarabağ” üstünlüyə yiyələnib. Komandamız isə sürətli həmlələrdə rəqibi yaxalamağa çalışıb. “Qırmızı-qaralar” ilk yarının sonlarında fərqi artırmağa da yaxın olub. Filip Ozobiçin təxminən 12 metrdən dönən topa zərbəsində dəqiqlik çatmayıb.
İkinci hissə məğlub durumda olan rəqibin hücumları ilə başlayıb. Lakin qonaqlar daha çox cərimə meydanı kənarından zərbələrlə Bezotosnının sayıqlığını yoxlayıb. Ukraynalı qolkiper isə matçı səhvsiz keçirib. “Qəbələ”nin hücum xəttində fəallığı ilə seçilən Dmitri Subotiç müdafiəçilərlə mübarizədə topa yiyələnib, Cavidə ötürmə verib. Sonuncunun təxminən 30 metrdən zərbəsi dirəyin yanından keçib. Az sonra Danielin özü qüvvətli zərbəylə qapını nişan alıb. Bu dəfə qapıçı topu iki cəhddə tutub. Hissənin ortalarında isə Ozobiç səhnəyə çıxıb. Premyer Liqanın ən məhsuldar futbolçusu Nika Kvekveskirinin ötürməsindən sonra üz-üzə qaldığı qapıçıya heç bir şans verməyib – 2:0. Bu onun çempionatda 11-ci qolu olub. Böyük ölçüdə qarşılaşmanın taleyini həll edən qoldan sonra hər iki komanda futbolçu dəyişiklikləri ilə diqqət çəkib. “Qarabağ” oyunu xilas etməyə, “Qəbələ” isə müdafiədə etibarlı çıxışı ilə üstünlüyü qorumağa çalışıb. Lakin hər iki komanda ciddi real qol vəziyyəti yaratmağa müvəffəq olmayıb.
Beləliklə, “Qəbələ” 2:0 hesabı ilə qalib gəlib, 6 turdan sonra yenidən turnir cədvəlində 1-ci pilləyə yüksəlib. “Qırmızı-qaralar” eyni xala malik olduğu “Qarabağ”ı şəxsi oyunların nəticələrinə görə arxada qoyub.

“ Qəbələ ”
22. Dmitri Bezotosnı
3. Voislav Stankoviç
6. Rəşad Sadiqov 
7. Nika Kvekveskiri 
9. Sergey Zenyov
(27. Teo Uiks, 90+1)
14. Cavid Hüseynov (k)
17. Məhəmməd Mirzəbəyov
19. Filip Ozobiç
31. Daniel Subotiç
(18. Baqali Dabo, 83)
77. Araz Abdullayev
(10. Ruslan Qurbanov, 78)
88. Tellur Mütəllimov

Ehtiyat oyunçular:
33. David Pietrzkeviç
13. Murad Musayev
21. Roman Hüseynov
34. Urfan Abbasov

Baş məşqçi: Roman Qriqorçuk

“Qarabağ”
13. İbrahim Şehiç
2. Qara Qarayev
(91. Coşqun Diniyev, 60)
5. Maksim Medvedev (k)
6. Dino Ndlovu
8. Markos Madera 
10. Muarem Muarem
(22. Əfran İsmayılov, 65)
11. Mahir Mədətov
18. İlqar Qurbanov
20. Riçard Almeyda
25. Ansi Aqolli
55. Bədavi Hüseynov

Ehtiyat oyunçular: 
12. Şəhruddin Məhəmmədəliyev
15. Rahid Əmirquliyev
21. Arif Daşdəmirov
32. Elvin Yunuszadə
71. Vüqar Nadirov

Baş məşqçi: Qurban Qurbanov