«Qəbələ» yoxlama oyunu keçirdi – Fotoreportaj
Xəbərlər / 4 Sentyabr 2017 | 21:00740
«Qəbələ» yoxlama oyunu keçirdi – Fotoreportaj

“Qəbələ” – “Sumqayıt” – 1:3
Endi Halidey, 45 (p.) - Amil Yunanov, 22, Cavid İmamverdiyev, 56, 70
Topaz Premyer Liqasında yaranan qısa fasilə dövründə hazırlıqlarını davam etdirən “Qəbələ” yoxlama oyunu keçirib. “Qırmızı-qaralar” qüvvəsini “Sumqayıt”la qarşılaşmada sınayıb. Görüş İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda baş tutub.
“Qəbələ” paytaxtda keçirilən matça aşağıdakı start heyəti ilə başlayıb: Aqil Məmmədov, Elvin Camalov, Deyv Bultuis, Tellur Mütəllimov, Endi Halidey, Dion Malone, Elvin Məmmədov, Roman Hüseynov, Filip Ozobiç, Stiven Jozef-Monroz, Famoussa Kone.
Görüş qarşılıqlı hücumlarla başlayıb. Bunun nəticəsində sumqayıtlılar 12-ci dəqiqədə penalti imkanı qazanıb. Cavid Tağıeyev 11 metrlik nöqtədən hesabı aça bilməyib. “Gənclik şəhəri” təmsilçisi 10 dəqiqə sonra fərqlənməyi bacarıb. Hesabı Amil Yunanov açıb. Buraxılan qoldan sonra fəallığı artıran “Qəbələ” 27-ci dəqiqədə bərabərlik şansı qazanıb. Lakin Filip Ozobiç penaltini dəyərləndirə bilməyib. Buna baxmayaraq, “qırmızı-qaralar” hücumlarına ara verməyib və hissənin sonlarında daha bir 11 metrlik cərimə zərbəsi qazanıb. Bu dəfə Endi Halidey penaltini qola çevirməyi bacarıb – 1:1.
Matçın fasiləsində hər iki komandanın baş məşqçisi oyunçu dəyişikliklərindən istifadə edib. İkinci yarıda sumqayıtlılar daha fəal oyun nümayiş etdirib. Cavid İmamverdiyevin 56 və 70-ci dəqiqələrdə vurduğu qollarla dubl müəllifi olub. “Gənclik şəhəri” təmsilçisi qarşılaşmanı 3:1 hesablı qələbə ilə başa vurub.
Xatırladaq ki, “Qəbələ” Topaz Premyer Liqasında növbəti oyununu sentyabrın 9-da “Zirə”yə qarşı keçirəcək.