«Qəbələ» yoxlama oyunu keçirdi - Fotoreportaj
Xəbərlər / 11 Noyabr 2017 | 18:551051
«Qəbələ» yoxlama oyunu keçirdi - Fotoreportaj

“Qəbələ” – “Zirə” – 0:1

(Riçard Qadze, 77)

Milli komandaların oyunları ilə əlaqədar Topaz Premyer Liqasında yaranan fasilə dövründə hazırlıqlarını Bakıda gerçəkləşdirən “Qəbələ” yoxlama matçı keçirib. “Qırmızı-qaralar” “Bakı” Futbol Klubunun təlim-məşq bazasında baş tutan qarşılaşmada “Zirə” ilə görüşüb. Baş məşqçi Roman Qriqorçuk start “11-liy”ində aşağıdakı futbolçulara şans verib: Dmitri Bezotosnı, Tellur Mütəllimov, Voislav Stankoviç, Deyv Bultuis, Ürfan Abbasov, Cavid Hüseynov, Elvin Məmmədov, Asif Məmmədov, Famussa Kone, Ekiqo Ehiosun, Roman Hüseynov.

Qarşılıqlı hücumlarla keçən oyunun ilk yarısında qapılara qol vurulmayıb. Hər iki komanda rəqib qapısına yol tapmağa çalışsa da, futbolçular istəklərinə çata bilməyiblər. Fasilədən sonra “Qəbələ” ikinci yarıya dəyişikliklərlə başlayıb. Elvin Camalov Cavidi, Alen Askerov Romanı, Ülvi İsgəndərov Ekiqonu, Dion Malone Elvin Məmmədovu əvəzləyib. Oyunun gedişində Alen yerini Hacıağa Hacılıya, Ülvi Amin Seydiyevə, Asif Abdul Karimə, Famussa Kevin Penana verib. Görüşdə hesab 77-ci dəqiqədə açılıb. Paytaxt təmsilçisinin legioneri Riçard Qadze fərqlənib. Qoldan sonra komandaların səylərinə baxmayaraq, hesab dəyişməz qalıb. Beləliklə, paytaxt təmsilçisi görüşdən 1:0 hesablı qələbə ilə ayrılıb.

Xatırladaq ki, “Qəbələ” sabah keçirəcəyi növbəti yoxlama oyununda “Səbail”lə üz-üzə gələcək. Qarşılaşma saat 15:00-da başlayacaq. Matç Bakı Olimpiya stadionunun köməkçi meydançasında keçiriləcək.