Qəbələdə 5 medal
Atıcılıq / 29 May 2015 | 10:191505
Qəbələdə 5 medal


Azərbaycan Atıcılıq Federasiyasının və “Qəbələ” Atıcılıq Klubunun təşkilatçılığı ilə Heydər Əliyevin xatirəsinə həsr edilən olimpiya atıcılıq növləri üzrə II Beynəlxalq Qran-Pri turnirinə yekun vurulub. 17 ölkədən 150-dək idmançının qatıldığı bu turnir startdan finişədək maraqlı anlarla yadda qalıb.

Mayın 17-dən etibarən kişilər, qadınlar və yeniyetmə oğlanlar Qəbələ Stend və Ox Atıcılığı Kompleksində səngər, qoşa səngər və dairəvi stend növləri üzrə mübarizəyə başlayıblar. Turnirdə ölkəmizin şərəfini olimpiya çempionu Zemfira Meftahəddinova, Azərbaycan Atıcılıq Federasiyasının baş katibi, “Qəbələ” Atıcılıq Klubunun texniki meneceri və dəfələrlə Azərbaycan çempionu Emin Cəfərov, “Qəbələ” İdman Klubunun vitse-prezidenti və dəfələrlə Azərbaycan çempionu Elvin İsmayılov, dünya kubokunun finalçısı, Azərbaycan rekordçusu, “Qəbələ” Atıcılıq Klubunun nümayəndəsi Nurlana Cəfərova, tanınmış atıcılardan Paşa
Əhədpur, Xanhüseyn Bağırov, Elçin Babayev, Alina Rafixanova, Niyaz Ağazadə, Əlimirzə Quliyev və Əli Hüseynli qoruyub. Sevindirici haldır ki, yarışın elə ilk günündə 2 təmsilçimiz – Rəna Ələsgərova və Əlimirzə Quliyev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Həmçinin, turnirin startında iki dünya rekordu qeydə alınıb. Kişilər arasında səngər yarışlarının təsnifat mərhələsində italiyalı Fraska Erminyo və rusiyalı Aleksey Alipov 125 mümkün xalın 125-ni də qazanaraq rekorda imza atıblar. Yarışın gedişində ölkəmiz daha 3 medala layiq görülüb. Niyaz Ağazadə qızıl, Nurlanə Cəfərova və Əli Mustafayev isə bürünc medala
yiyələnib.

Qeyd edək ki, Qran-Prinin ümumi mükafat fondu 96 500 ABŞ dollarına bərabər idi. Kişilərin yarışında qalibə 7 min, ikinci yerin sahibinə 5 min, 3-cü pillədə qərarlaşana isə 4 min dollar mükafat verilib. Qadınların mübarizəsində bu rəqəmlər müvafiq olaraq 5, 4 və 3 min dollar təşkil edib. Yeniyetmə idmançılar da evə əliboş dönməyiblər: 1500, 1000 və 500 dollar.

KİŞİLƏR
Səngər yarışları
1. Fraska Erminyo (İtaliya)
2. Aleksey Alipov (Rusiya)
3. Əbdulrahman Əlfayhan (Küveyt)

Dairəvi stend
1. Uorlou Rori (Böyük Britaniya)
2. Abdullah Əlrəşidi (Küveyt)
3. Zaid Əlmutairi (Küveyt)

Qoşa səngər yarışları
1. Hamad Əlaffasi (Küveyt)
2. Vitaliy Fokeyev (Rusiya)
3. Əhməd Əlaffasi (Küveyt)

QADINLAR
Səngər yarışları
1. Rəna Ələsgərova (Azərbaycan)
2. Satu Nikkola-Makkela (Finlandiya)
3. Sarani Əlhaval (Küveyt)

Dairəvi stend
1. Svetlana Demina (Rusiya)
2. Eman Əlşamaa (Küveyt)
3. Nurlana Cəfərova (Azərbaycan)

YENİYETMƏLƏR
Səngər yarışları (oğlanlar)
1. Əlimirzə Quliyev (Azərbaycan)
2. Cek Uolls (Avstraliya)
3. Samuel Bilsma (Avstraliya)

Dairəvi stend (oğlanlar)
1. Niyaz Ağazadə (Azərbaycan)
2. İrakli Lomidze (Gürcüstan)
3. Əli Mustafayev (Azərbaycan)