«Qəbələdə necə qarşılandığımızı uzun müddət xatırlayacağıq»
Atıcılıq / 3 Aprel 2015 | 09:561296
«Qəbələdə necə qarşılandığımızı uzun müddət xatırlayacağıq»

“Qəbələ” Atıcılıq Klubunda yaradılan şərait və bu idman qurğusunun səviyyəsi burada muxtəlif beynəlxalq turnirlər təşkil etməyə, həmcinin təlim-məşq toplanışı kecməyə də imkan verir. Gurcustanın atıcılıq uzrə milli komandası bu imkandan faydalanıb. Tariel Jqentinin rəhbərliyi altında 7 snayper yaxında Dubayda keciriləcək Dunya Kubokuna hazırlıq məqsədilə martın 12-dən 19-dək Qəbələdə birhəftəlik toplanışda olublar.

“Qəbələdə bizim üçün çox rahat oldu, sanki evimizdə idik”

Jqenti ölkəsinin titullu atıcılarından sayılır. Təcrübəli mütəxəssis Avropa və ikiqat dünya çempionu, dünya rekordçusudur. “Qəbələ İK”ya açıqlamasında o, öncə komandası haqda məlumat verib: “Qəbələyə 7 atıcı ilə gəlmişik. Bunlar beynəlxalq turnilərin, dünya çempionatının, Dünya Kubokunun qalib və mükafatçıları - David Kvatadze, Givi Kvatadze, Givi Şengeliya, Mamuka Zarapişvili, İrakli Lomidze, Tengiz İmnaişvili və Vladimir Narçemaşvilidir. Komandamızda həm gənc, həm də təcrübəli idmançılar yer alıb. Aralarında idman ustaları da var. Yetirmələrimin müxtəlif mötəbər yarışlarda əldə etdiyi uğurlar onların gələcəyinə ümidlə baxmağa əsas verir”.
Təlim-məşq toplanışı üçün Qəbələni seçməsindən danışan gürcü mütəxəssis bunu qarşıdakı məsul turnirlərə yaxşı hazırlaşmaq istədikləri ilə əlaqələndirib: “Dubayda keçiriləcək Dünya Kubokuna hazırlıq üçün Qəbələni seçdik. İndiyədək bir çox ölkələrdə təlim-məşq toplanışında olmuşuq. Qəbələdə həm gözəl atıcılıq kompleksi var, həm də bura Gürcüstana yaxındır. Seçimdə yanılmadıq. Qəbələdə bizim üçün çox rahat old, sanki öz evimizdə idik. İstəyirik ki, belə yüksək şəraitdə məşq etməklə bir az da təkmilləşək. Yaxşı hazırlaşmaqla yanaşı, Qəbələnin gözəl təbiətini də seyr etmək imkanımız oldu”.
Jqenti Qəbələdəki hazırlıqlarının yüksək səviyyədə keçdiyinə görə, ilk növbədə, “Qəbələ” klubunun rəhbərliyinə minnətdar olduqlarını bildirib: “Çünki onlar bizə belə gözəl imkan və əla şərait yaratdılar. Xüsusilə, klubun rəhbərliyinə təşəkkürlərimi çatdırıram. Bütün təşkilati məsələlələrin həllində yardımçı oldular. Qəbələdə necə qarşılandığımızı uzun müddət xatırlayacağıq. Başqa cür ola da bilməz. Axı Azərbaycan xalqı qonaqpərvər xalqdır. Biz gürcülər də qonaqpərvərik. Gürcüstanda təlim-məşq toplanışı keçmək imkanı olsa, biz də öz köməyimizi göstərməyə hazırıq”.

“Bizə gözəl imkan və əla şərait yaratdılar”

Gürcüstanda atıcılıq idman növünün hazırkı durumu haqqında məlumat verən mütəxəssis bu sahədə yaranan uzunmüddətli durğunluğun təsirsiz ötüşmədiyini deyib: “Bizdə hələ ki belə gözəl kompleks yoxdur. İnfrtastukturun yenidən qurulmasına son illərdə başlamışıq. 90-cı illərdə Gürcüstanda məlum hadisələr nəticəsində köhnə tikililər dağıldı. Demək olar, atıcılıq meydançamız yox idi. Buna görə də 1995-2007-ci illərdə Gürcüstanda atıcılıq idman növündə durğunluq hökm sürürdü. Yalnız bir idmançımız – Tengiz İmnaişvili çıxış edirdi. İndi isə hər şey qaydasındadır. Gənc idmançılarımız yetişir. Uşaqlar üçün 3 klub yaratmışıq. Ora müxtəlif məktəblərdən yeniyetmələr cəlb olunur. Yəni indiki idmançıların davamçıları gəlir və 1-2 ilə vəziyyət daha yaxşı olmalıdır. Ümid edirik ki, bizim də nə vaxtsa Qəbələdəki kimi gözəl atıcılıq kompleksimiz olacaq. Çünki mühüm yarışlara yaxşı hazırlaşmaq üçün şəraitin olması vacib amildir”.

“Təmsilçiniz Emin Cəfərova ümidlərim böyükdür”

Gürcülər ötən il olduğu kimi, yenə may ayında Qəbələyə - Heydər Əliyevin xatirəsinə həsr olunan beynəlxalq “Qran-Pri” turnirində iştirak etmək üçün gələcəklər: “Buna qədər isə Kiprdə yarışda çıxış edəcəyik. Həm orada, həm də Dubaydakı turnirlər bizim üçün Qəbələdəki yarışlar ərəfəsində yaxşı sınaq olacaq. Bildiyiniz kimi, bu il Qəbələdə mötəbər turnir - həm “Qran-Pri”, həm də Dünya Kuboku keçiriləcək. Hər iki yarışa mütləq qatılacağıq. Özü də təkcə iştirak etmək yox, qələbəyə ciddi iddiaçı olduğumuzu göstərmək istəyirik. İyunda Bakıda keçiriləcək I Avropa Oyunlarında da çıxış etməyi çox istərdik. Ancaq əfsuslar olsun ki, bu mötəbər turnirdə iştirakçımız olmayacaq. Çünki hazırlığa gec başladığımızdan ilk Avropa Oyunlarına vəsiqə qazana bilmədik” .
Jqenti azərbaycanlı atıcıların Bakıdakı mötəbər yarışda uğur qazanmaq perspektivini yüksək qiymətləndirib. Onun əsas ümidləri təmsilçimiz Emin Cəfərovla bağlıdır: “Ümumiyyətlə, Azərbaycan çox yaxşı atıcılara malikdir. Onların arasında Zemfira Meftahətdinova, İradə Aşumova kimi təcrübəli idmançılar, olimpiya mükafatçıları var. “Qəbələ” Atıcılıq Klubunda da güclü
idmançılar yetişir. Onlardan Emin Cəfərovu xüsusilə qeyd edərdim. O, çox yaxşı atıcıdır. Eminin çıxışını izləyirəm və çox xoşuma gəlir. Hesab edirəm ki, Eminin I Avropa Oyunlarında uğur qazanmaq üçün həqiqətən yaxşı şansı var. Artıq “Qəbələ”nin güclü atıcıları öz sözünü deyir. Təsadüfi deyil ki, Azərbaycan atıcılıq yığmasının heyətində “Qəbələ” təmsilçiləri üstünlük təşkil edir. “Qəbələ”dən Elvin İsmayılov, Nurlana Cəfərova, Elçin Bağırovu da güclü idmançılar kimi qeyd edə bilərəm”.

Qəbələ İK Qəzeti