«Qələbə qazanmaq və mərhələ adlamaq vacibdir»
Xəbərlər / 2 Avqust 2017 | 21:35383
«Qələbə qazanmaq və mərhələ adlamaq vacibdir»

UEFA Avropa Liqasının III təsnifat mərhələsinin avqustun 3-də baş tutacaq “Qəbələ” – “Panatinaikos” (Yunanıstan) qarşılaşmasından öncə “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib. Sizi ukraynalı mütəxəssisin fikirləri ilə tanış edirik:
“Bu oyunda qalib gəlib, mərhələ adlamaq barədə düşünürük. İstənilən qələbə Azərbaycan futbolunun nüfuzunu qaldırır, reytinqə əlavə xallar gətirir ki, bunlar da bizim üçün əlavə motivasiyadır. “Qarabağ”ın bir gün əvvəl qazandığı qələbəyə çox sevinirik və onları təbrik edirik. “Panatinaikos” güclü komandadır. Rəqibin bir sıra sürətli futbolçuları var. Hesab edirəm ki, biz sürətdə rəqibdən heç də geri qalmırıq. Sadəcə, bizə oyunu idarə etmək, istədiyimiz oyunu göstərmək lazımdır. Bunu bacarsaq, müsbət nəticə qazanmaq şansımız artacaq. Sürət futbolda, idmanda çox böyük, həlledici əhəmiyyət kəsb edir. Sabahkı rəqiblə aramızda isə sürət baxımından böyük fərq yoxdur. Biz “Borussiya”, “Maynts”, “Anderlext”, “Sent-Etyen” kimi komandalarla oynayanda onlardan sürətdə geri qalırdıq. Belə vəziyyətdə şansımız çox aşağı idi. “Panatinaikos” sürəli olsa da, belə üstünlüyə malik deyil. Cavid Hüseynov əvvəllər özünü çılğın aparıb. Lakin onunla bu barədə söhbətdən sonra son matçda hər şey qaydasında idi”.
Qriqorçuk komandanın qələbəyə kökləndiyini və mərhələ adlamaq üçün sonadək mübarizə aparacaqlarını bildirib: “Yunanıstandakı ilk qarşılaşmada yaxşı oynamamağımıza səbəb öz üslubumuzda çıxış edə bilməməyimiz idi. Bu da rəqibin əməyi idi ki, bizə mane ola bildi. Əminəm ki, sabah öz üslubumuza daha yaxın oynaya biləcəyik. Bu isə bizə müsbət nəticə qazanmağa kömək edəcək. Rəqibi çox yaxşı tanıyırıq. Əgər istədiyin kimi oynaya bilmirsənsə, rəqibin güclü tərəfləri aşkar hiss olunur. Amma biz öz üslubumuzda oynasaq, rəqib güclü tərəflərin çətinliklə istifadə edəcək. Heyətlə bağlı nə isə deyə bilmərəm. Oyunçuların durumuna əsasən bunu müəyyənləşdirəcəyik. Hazırda heyətdə zədəli futbolçu yoxdur və kimin oynayacağı sabah bilinəcək. Komandaları müqayisə etməzdim. Hər iki komandanın heyəti yenidir. İlk görüşdə uduzsaq da, şansımız az deyil. Şansımız az olsaydı da, mübarizə aparacaqdıq. Amma şansımız az deyil. Futbolçularla da danışmışıq. Sadəcə bunları meydanda yerinə yetirmək lazımdır. Fiziki durumumuzun yaxşı olmaması fikri ilə razı deyiləm. Rəqib bu mənada bizdən üstün deyil. İlk görüşün ikinci hissəsindəki epizodlar belə deməyə əsas verir. Bizim üçün qələbə qazanmaq və mərhələ adlamaq vacibdir. Bunun 90, ya da lap 1200 dəqiqəyə olması əhəmiyyət kəsb etmir. Biz nəticə qazanmaq üçün hər şeyə hazırıq. Futbolda hər şey ola bilər. Buna görə də penaltilər seriyasına da hazırlaşmışıq. Bunu onun üçün etdik ki, futbolçuların zərbələri necə vurduğunu bilək. Artıq lazım olarsa, kimin vuracağını da bilirəm. Lakin çalışacağıq ki, qarşılaşma seriyaya qədər uzanmasın. İlk görüşdən sonrakı nəzəri məşğələlərdə 3 qol vurmaq barədə danışmışıq. Lakin hər şeyə hazır olmalıyıq. Amma meydana çıxıb 3 qol vurmalıyıq”.