«Qələbəyə layiq oyun göstərdik»
Xəbərlər / 19 Mart 2017 | 18:19356
«Qələbəyə layiq oyun göstərdik»

Topaz Premyer Liqasının XXIII turunun AZAL – “Qəbələ” oyunundan (1:1) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib. Sizi ukraynalı mütəxəssisin fikirləri ilə tanış edirik:
“Komandamın bugünkü oyunundan ümumilikdə razıyam. Düzdür, xal itirməyimizdən razı qala bilmərik. Lakin buna baxmayaraq, yaxşı oyun nümayiş etdirdik. Yalnız istifadə etməli olduğumuz, amma qaçırdığımız epizodlar istisnadır. Aşkar qələbəyə layiq oyun göstərdik. Futbolçuları qınamağa əsas yoxdur. Onlara da bunu dedim ki, həqiqətən də yaxşı oynadılar. Bizə yalnız qollar yetmədi. Bundan sonra sakit məcrada, özünəinamla hazırlığımızı davam etdirməliyik. “Zirə” - “Qarabağ” oyunu haqda fikirləşib, özümü yormaq istəmirəm. Bizim vəziyyətimizdə Ağdam klubunun xal itirməsinə ümid etməliyik. Bunun nə vaxt baş verəcəyini bilmirik. Amma bu da mümkündür. Biz isə özümüzdən asılı olanları etməli, liderlə oyunda da qələbə qazanmalıyıq ki, şansımız olsun. Hər şey necə olmalıdırsa, elə də yekunlaşacaq. Bizim komanda isə düzgün düşünüb, yoluna düzgün davam etməlidir. Komandanın çempionluğa nə dərəcədə hazır olduğuna isə mövsüm başa çatmamış cavab verə bilmərəm. Qarşıda hələ 5 matç var. Bu da az deyil, 15 xaldır. Başa düşürük ki, gələcəkdə bizə yaxşı nəticə qazanmağa imkan verəcək məqamlar üzərində çalışmalıyıq”.