Rioda ilk qələbə
Boks / 9 Avqust 2016 | 19:39204
Rioda ilk qələbə

Azərbaycan milli komandasının heyətində Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunlarına qatılan “Qəbələ” İdman Klubunun təmsilçiləri yarışda debüt edib. Sınaq qarşısına çıxan ilk idmançımız boksçu Kamran Şahsuvarlı olub. 75 kq çəki dərəcəsində çıxış edən 23 yaşlı təmsilçimiz mübarizəyə 1/16 finaldan başlayıb. Bu mərhələdə çinli Zao Minqqanqla üz-üzə gələn Şahsuvarlı hər üç raundda rəqibindən üstün olub – 3:0 (30:27, 30:27, 30:27). Rio-2016-ya qələbə ilə start verən Şahsuvarlı 1/8 finala vəsiqə qazanıb. 1/4 finala vəsiqə uğrunda döyüşdə təmsilçimiz Rusiya boksçusu Artyom Çebotaryovla qarşılaşacaq. Bu qarşılaşma avqustun 13-də keçiriləcək.
Xatırladaq ki, Rio-2016-da “Qəbələ”nin daha üç idmançısı – boksçu Lorenzo Sotomayor, taekvondoçu Milad Beiqi Harçeqani və cüdoçu Uşanqi Kokauri mübarizə aparacaq.