«Ronaldinyonun adını daşıyacaq akademiya gənclərdə futbola marağı artıracaq» - Fotolar
Xəbərlər / 20 Oktyabr 2016 | 19:052276
«Ronaldinyonun adını daşıyacaq akademiya gənclərdə futbola marağı artıracaq» - Fotolar

“Qəbələ” İdman Klubunun braziliyalı futbol əfsanəsi Ronaldinyo ilə birlikdə gerçəkləşdirəcəyi layihəyə həsr olunan mətbuat konfransı keçirilib. Klubumuzun dəstəyi ilə paytaxtda açılacaq “Ronaldinho Soccer Academy” ilə bağlı tədbir Bakı Olimpiya Stadionunda təşkil edilib. Tədbirdə ölkəmizin qonağı olan cənubi amerikalı ilə yanaşı, “Qəbələ” İdman Klubunun prezidenti Tale Heydərov, AFFA-nın baş katibi Elxan Məmmədov, klubumuzun futbol akademiyasının direktor müavini Nail Kərimov iştirak ediblər.
Tale Heydərov layihə haqda fikirlərini açıqlayıb: “Bir müddətdir Ronaldinyonun Bakıya səfərini planlaşdırırdıq. Onun üçün yalnız bu gün imkan oldu. Bu səfərin baş tutmasına sevinirik. Bir neçə ildir Qəbələdə futbol akademiyası fəaliyyət göstərir. Bakının nüfuzuna və digər səbəblərə görə yeni akademiyanın Bakıda fəaliyyət göstərəcək. Ümid edirik ki, onun adını daşıyacaq akademiya gənclərdə futbola marağı artıracaq. Ronaldinyo öz şəxsi heyəti ilə akademiyanın fəlsəfəsini quracaq, onun inkişafında özü iştirak edəcək. Ronaldinyo mənim ən çox sevdiyim futbolçulardan biridir. Onun gəlişi ilə bağlı məsələ gündəmdə deyildi. Lakin elə alındı ki, danışıqlara başladıq. Buna maraq olduğu bizə bildirildi. Onun akademiyasının bir neçə ölkədə fəaliyyət göstərdiyi barədə məlumatımız vardı. “Qəbələ”nin uşaq futboluna göstərdiyi diqqəti nəzərə alaraq, bu danışıq baş tutdu”.
Klubumuzun prezidenti Bakıdakı yeni akademiyanın yerinin dəqiqləşmədiyini qeyd edib: “Akademiyanın harada yerləşəcəyi hələ məlum deyil. Danışıqlar gedir. Yaxın zamanlarda bəlli olacaq. Bu layihədə bizə göstərəcəyi dəstəyə görə AFFA-ya da təşəkkür edirik. Qəbələdə buna ehtiyac yoxdur. Çünki orda akademiya var. Qəbələdə infrastruktur olsa da, orda gəlib yaşamaq çətindir. Bakıda ona görə edirik ki, uşaqlar məşqdən sonra evlərinə qayıtsınlar. Ailələrindən kənarda qalmaq uşaqlar üçün çətindir. Akademiya yüz faiz Bakıda olacaq. İstərdik ki, müxtəlif yaş qruplarından, U-11-dən başlayaraq, hamısı ölkə çempionatında iştirak etsin. Bizim akademiyaya rəqib tapmaq çətindir. Bu layihəyə böyük marağın olacağını gözləyirdik. Ümid edirik ki, uşaqlar futbola daha çox maraq göstərərlər”.
Tale Heydərov UEFA Avropa Liqasının qrup mərhələsinin “Sent-Etyen”lə bu gün Fransada baş tutacaq matçı haqda da fikirlərini də bildirib: “Fransadakı oyunu canlı izləyə bilməyəcəm. “Sent-Etyen”lə matç çox vacibdir. Xal qazanmaq üçün əlimizdən gələni edəcəyik. Çətin oyun olacaq. Futbolçular və məşqçilər söz veriblər ki, bütün bacarıqlarını ortaya qoyacaqlar. Onlardan yaxşı oyun gözləyirik”.
Media nümayəndələrinin suallarını cavablandıran Ronaldinyo Bakda açılacaq akademiya və ölkəmiz haqda fikirlərini bölüşüb: “Əvvəllər də Azərbaycan haqda çoxlu yaxşı sözlər eşitmişdim. Burda çoxlu braziliyalı futbolçuların oynadığını bilirdim. Bakıda olmağıma çox şadam. Təxminən ay yarım əvvəl “Qəbələ” klubu ilə bu barədə danışıqlara başladıq. Bu layihədə əsas məqsədim odur ki, akademiyaya gələn uşaqlar mənim adımı eşidib, öz futbollarına daha ciddi yanaşsınlar. Onlar gələcəkdə peşəkar oyunçu olsalar, bu, mənim uğurum olacaq. Mən də buna çox sevinəcəm. Böyük klublara getmək variantı olsa, mütləq köməklik də göstərəcəm. Uşaqlar nə qədər tez futbol oynamağa başlasalar, o qədər yaxşı olar. Məşqlərinə ciddi yanaşmalıdırlar. Məşqə hamıdan əvvəl gəlib, hamıdan sonra getmək lazımdır. Yüksək səviyyəyə çatmaq istəyirlərsə, ciddi hazırlaşmalıdırlar”.
Ulduz oyunçu Azərbaycan millisi və Bakı şəhəri haqda düşüncələrini açıqlayıb: “Azərbaycan yığmasının DÇ-2018-in seçmə mərhələsinə yaxşı başladığını eşitmişəm. 7 xal toplamısınız. Mən də gəlmişəm ki, ölkəni daha yaxşı tanıyım. Azərbaycana dünən axşam gəlmişəm. Hava limanından çıxandan sonra restoranda yemək yedim. Mətbəxinizi çox sevdim. Şəhəri gəzməyə vaxtım olmayıb. Burdan çıxandan sonra daha yaxından tanıyacam”.
Futbolçu karyerasını rəsmən bitirməyən Ronaldinyo yenidən yaşıl meydanlara qayıtmaq, “Qəbələ”də oynamaq variantına münasibət bildirib: “Karyeramı bitirib-biitirməməklə bağlı hələ qərar verməmişəm. Dekabr ayına qədər qərar verəcəm. Ola bilsin ki, vida oyunu keçirim. Qəbələ”dən futbolçu kimi oynamaq təklifi alsam, niyə də yox deyim?! Hər şey ola bilər”.
Tədbirdə çıxış edən AFFA-nın baş katibi Elxan Məmmədov layihənin verəcəyi faydadan danışıb: “Ronaldinyonu burda görməyə şadıq. “Qəbələ” futbol klubu dünəndən Bakının, futbol aləminin diqqətini cəlb etdi. Ronaldinyo kimi ulduzun Bakıya gəlməsi çox müsbət haldır. Digər tərəfdən müsbət hal odur ki, “Qəbələ” Ronaldinyo ilə birlikdə akademiya açacaq. Bu da futbolumuzun inkişafına təkan verəcək”.
Ronaldinyo mətbuat konfransının ardından Olimpiya stadionunun yardımçı meydançasında "Qəbələ" Akademiyasının U-15 komandası ilə məşqə də çıxıb.