“Simurq” ciddi rəqibdir”
Xəbərlər / 13 Fevral 2012 | 20:00116
“Simurq” ciddi rəqibdir”

“Qəbələ” Unibank Premyer Liqasının 20-ci turunda səfərdə “Simurq”la üz-üzə gələcək. Komandamızın baş məşqçisi Fatih Kavlak matç öncəsi fikirlərini gabalafc.az-la bölüşüb:

“Kəpəz”lə oyun təxirə salındıqdan sonra bütün diqqətimizi “Simurq”la matça yönəltdik. Hava şəraiti əlverişsiz olsa da, hazırlıqlarımızda hər hansı bir axsama olmadı. Qapalı meydançada məşqlərimizi davam etdirdik. Komanda matça tam hazırdır. Sadəcə Vurğun Hüseynovla Rövşən Əmiraslanov komandaya kömək edə bilməyəcək”. 

Kavlak “Simurq”un ciddi rəqib olduğunu da vurğuladı: “Çempionat start götürərkən “Simurq” iddiasız görünsə də, komanda tezliklə toparlandı və özünəməxsus oyun nümayiş etdirməyə başladı. İlk dövrədə “Simurq”un bizə qalib gəlməsi də, rəqibin ciddiliyindən xəbər verir. Rəqibin heyətini yeni transferlərlə gücləndirib. Bütün bunlara baxmayaraq, bizim bu matçda yalnız bir hədəfimiz var – qələbə. Matça revanş gözüylə baxmırıq. Birinci dövrədə qələbə qazansaydıq belə yenə hədəfimiz 3 xal olacaqdı. Çünki hazırda 3 xal bizim ilk altılıqda möhkəmlənməyimiz üçün hava-su kimi lazımdı. İnanıram ki, hava şəraiti və meydançanın durumu hər iki komandanın layiqli mübarizə aparmasına imkan verəcək”.