Ukraynadan 3 bürünclə
Boks / 10 İyul 2013 | 13:30741
Ukraynadan 3 bürünclə

Ukraynanın Berdiçev şəhərində keçirilən A kateqoriyalı Kliçko Qardaşları beynəlxalq turnirində Azərbaycanı və "Qəbələ" İdman Klubunu təmsil edən boksçular - Hidayət Musayev (69 kq), Rahil Məmmədli (81) və Məhəmmədəli Tahirzadə (91+) uğurlu çıxışla yadda qalıb. 
Dünya və Avropa çempionatına hazırlıq məqsədi daşıyan turnirdə Hidayət Musayev ilk döyüşdə Qazaxıstan təmsilçisi ilə üz-üzə gəlib. Rəqibinə şans verməyən və qarşılaşmanı qələbə ilə yekunlaşdıran Hidayət növbəti görüşdə Ukrayna boksçusunu məğlub edib. Yarımfinala vəsiqə qazanmaqla medalçılar sırasına düşən boksçumuz finala çıxmaq uğrunda ABŞ təmsilçisi ilə münasibətlərinə aydınlıq gətirib. Musayev döyüşü yüksək səviyyədə keçirsə də məğlub olub və bürünc medala yiyələnib.
Ardıcıl olaraq ABŞ və Ukrayna boksçularını məğlubiyyətə uğradan Rahil Məmmədli də yarımfinalda yenilməklə bürünc medal qazanıb.
Yarımfinalda Ukraynalı boksçuya məğlub olan son təmsilçimiz Məhəmmədəli Tahirzadə turniri bürünc medalla yekunlaşdırıb.
Xatırladaq ki, turnirdə Azərbaycan, ABŞ, Almaniya, Ukrayna, Gürcüstan, Əlcəzair, İsrail, Rusiya, Litva, Moldova, Türkiyə, Özbəkistan, Belarusiya və İraqı təmsil edən 161 idmançı qüvvəsini sınayır. Azərbaycan yarışda 13 boksçu ilə təmsil olunub. Turnirə bu gün yekun vurulacaq.