Müşviq Abbasovun xatirə turniri keçirildi - Fotoreportaj
Cüdo / 3 Aprel 2023 | 00:571350
Müşviq Abbasovun xatirə turniri keçirildi - Fotoreportaj

Şəhid Müşviq Abbasovun xatirəsinə həsr olunan “Qəbələ” İdman Klubunun açıq cüdo turniri keçirilib. Yarış “Sərhədçi” İdman Kompleksində baş tutub. Turnirdə 2008-09-cü il təvəllüdlü cüdoçular qüvvəsini sınayıb. 

Açılış mərasimində “Qəbələ” İdman Klubunun prezidenti Fariz Nəcəfov çıxış edib. O, şəhidin döyüş yolundan danışıb. Tamaşaçıları və qonaqları salamlayan klub prezidenti iştirakçılara turnirdə və gələcək karyeralarında uğurlar arzulayıb.

Ardınca Abbasovun döyüş yoldaşları Elşən Hüseynov, Qəhrəman Hüseynov, oğlu Şamil Abbasov, Bakı şəhər Gənclər və İdman İdarəsinin rəisi Raqif Abbasov Müşviq Abbasovun qəhrəmanlığı, belə tədbirlərin əhəmiyyətindən danışıblar. Onlar turnirin təşkilatçılarına təşəkkür edib, yarışın gənclərin sağlam inkişafındakı rolunu vurğulayıblar.

Tatami üzərinə Bakı və regionları təmsil edən 22 komandadan 167 cüdoçu çıxıb. Onlar 8 çəki dərəcəsində qalibləri müəyyənləşdiriblər. Rauf Əsgərov (“Qəbələ” Bakı) 42 kq, Anar Quliyev (“Azəri Cüdo Klub”) 46 kq, Zeyd Ələsgərov (“Sərhədçi” İM) 50 kq, Ayxan Ələkbərov (“Azəri Cüdo Klub”) 55 kq, Vasif Səfərov (“Azəri Cüdo Klub”) 60 kq, Murad Rüstəmli (“Mərdəkan Cüdo Klub”) 66 kq, Cahandar Haqverdiyev (“Atilla” İKİB) 73 kq, Səid Hüseynov (“Qəbələ” Bakı) +73 kq çəkidə bütün rəqiblərinə qalib gəlib. Turnirin qalibləri diplom, medal və “Qəbələ” İdman Klubunun hədiyyələri ilə mükafatlandırılıb.