Müşviq Abbasovun xatirə turniri keçiriləcək
Cüdo / 31 Mart 2023 | 15:401241
Müşviq Abbasovun xatirə turniri keçiriləcək

Şəhid Müşviq Abbasovun xatirəsinə həsr olunan “Qəbələ” İdman Klubunun açıq cüdo turniri keçiriləcək. Yarışda 2008-09-cü il təvəllüdlü idmançılar qüvvəsini sınayacaq. Aprelin 2-də keçiriləcək turnir “Sərhədçi” İdman Kompleksində baş tutacaq. Tatami üzərinə Bakı və regionları təmsil edən 22 komandadan 200-ə yaxın cüdoçu çıxacaq. Turnirin qalibləri diplom, medal və “Qəbələ” İdman Klubunun hədiyyələri ilə mükafatlandırılacaq. Yarışın açılış mərasimi saat 15:00-da start götürəcək.

Müşviq Abbasov 1970-ci ildə Ağdamın Abdal Gülablı kəndində anadan olub. O, 1991-94-cü illərdə I Qarabağ müharibəsi zamanı bir çox döyüşlərdə və hərbi əməliyyatlarda iştirakçısı olub , Ağdam şəhərinin kəşfiyyat komandiri təyin edilib. II Qarabağ müharibəsinə də yollanan Abbasov 2020-ci il oktyabrın 5-də Ağdam rayonunun Qərvənd kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Müşviq Abbasov ölümündən sonra iki medalla təltif edilib. O, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə hərbi hissə qarşısında qoyulan tapşırıqların icrasında vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün "Vətən uğrunda" medalına layiq görülüb. Ağdam rayonunun işğaldan azad edilməsi zamanı şəxsi igidliyi və şücaətinin görə Abbasova "Ağdamın azad olunmasına görə" medalı verilib.