«Qəbələ» «İnter» səddini 2 qolla keçdi
Oyun icmalı / 4 Mart 2017 | 22:301361
«Qəbələ» «İnter» səddini 2 qolla keçdi

“İnter” - “Qəbələ” – 0:2
4 mart 2017. Saat 20:00. “İnter Arena”, 2500 tamaşaçı  
Baş hakim: Fariz Yusifov
Baş hakimin köməkçiləri: Elman Musayev, Azər Əsgərov          
Dördüncü hakim: Ömər Paşayev
AFFA nümayəndəsi: Abas Hüseynov  
Hakim-inspektor: Əhmədağa Cabbarov
Sarı vərəqələr: İlkin Qırtımov, 14 (qeyri-idman hərəkəti); Tərlan Quliyev, 51 (qeyri-idman hərəkəti); Pərdis Fərcad-Azad, 83 (qeyri-idman hərəkəti) // Rasim Ramaldanov, 12 (qeyri-idman hərəkəti); Teo Uiks, 60 (qeyri-idman hərəkəti)
Qollar:  Tellur Mütəllimov, 71; Daniel Subotiç, 82
Artırılan vaxt: I hissədə 1 dəq.; II hissədə 3 dəq.

Bu gün Topaz Premyer Liqasında XXI tura start verilib. İlk oyun gününə “İnter Arena”da keçirilən matçla yekun vurulub. “Qəbələ” III dövrədəki son qarşılaşmasını “İnter”ə qarşı keçirib. Dövrəni 1-ci pillədə başa vurmaq iddiasında olan “qırmızı-qaralar” səfər görüşünə qələbə üçün çıxıb. Ötən turun “Kəpəz”lə oyunu ilə müqayisədə Roman Qriqorçuk start heyətində bir dəyişiklik edib. Cəzalı Nika Kvekveskirinin yoxluğunda Teo Uiks ilk dəqiqələrdən meydanda olub.
Qəbələ təmsilçisi matç başlayan kimi üstünlüyü ələ almağa çalışıb. Artıq 2-ci dəqiqədə cinahdan qapı önünə hava ötürməsi təhlükəli alınıb. Lakin rəqib qapıçı topa sahib çıxıb. Amma meydan sahibləri üstünlüyün qonaqlara keçməsinə imkan verməyib. Bu üzdən 1-ci hissənin ilk yarısı qarşılıqlı hücumlarla keçib. Düzdür, Filip Ozobiç cərimə zərbəsindən, Araz Abdullayev uzaq məsafədən qapını nişan alıb. Amma hər iki epizodda qolkiper inamlı oynayıb. Hissənin ortalarından başlayaraq isə “qırmızı-qaralar” rəqib qapısına təzyiqi artırıb. 26-cı dəqiqədə cərimə meydanında əlverişli imkan əldə edən Daniel Subotiç çərçivəyə düşməyib. Az sonra Ozobiçin 23 metrdən aşağı küncə zərbəsini Səlahət Ağayev kornerə çıxarıb. “İnter”in təşkil etdiyi hücumlar isə Dmitri Bezotosnı üçün ciddi çətinlik yaratmayıb. Fasiləyə 10 dəqiqə qalmış rəqibdən “oğurlanan” topla irəliləyən komandamız hesabı açmağa yaxın olub. Lakin Sergey Zenyovun yaxın məsafədən zərbəsi alınmayıb. Fasiləyədək Arazla Filip hərəyə bir dəfə qapını nişan alıb. Sonuncunun cərimə zərbəsi dəqiq olmayıbsa, Abdullayevin göndərdiyi topa qapıçı reaksiya verib.
“Qəbələ” ikinci hissəyə daha fəal başlayıb. Oyunda dəyişikliklər etmək niyyətində olan Qriqorçuk hücum xəttini gücləndirib. Meydana sonradan daxil olan Asif Məmmədov 54-cü dəqiqədə cərimə meydanına daxil olub, əlverişli mövqedə olan Subotiçə ötürmə etsə də, müdafiəçi və qapıçı legioneri qabaqlayıb. “İnter”in ən real qol vəziyyəti də yaddaqalan olub. Lakin müdafiəçilərin anlaşılmazlığından sonra fərqlənməyə yaxın olan bakılılar çərçivəyə düşə bilməyib. Asifin qapı önünə növbəti ötürməsi isə qolla nəticələnib. Qapıçının kobud səhvindən sonra sıçrayan topa Tellur Mütəllimov qarşısıalınmaz zərbə endirib – 1:0. Buraxılan qoldan sonra “İnter” fəallığı artırıb. Hətta Pərdis Fərcad-Azad uzaqdan zərbə ilə qapıçıya gərginlik yaşadıb. Amma növbəti qolu da “Qəbələ” vurub. Asifin cərimə meydanı daxilindəki ötürməsini Subotiç uzaq küncə göndərib – 2:0. Görüşün taleyinə böyük ölçüdə aydınlıq gətirən qoldan sonra tərəflər qarşılıqlı hücumlar təşkil edib. Lakin komandalar real qol vəziyyətləri sarıdan kasad olan matçda qapıçıları çox narahat etməyib.
Beləliklə, “İnter” səddini 2 cavabsız qolla aşan “Qəbələ” turnir cədvəlində liderliyini qoruyub.

“İnter”
1. Səlahət Ağayev
14. Zurab Xizanişvili
33. Tərlan Quliyev
3. Denis Silva
27. Adrian Skarlatake
22. İlkin Qırtımov
17. Abbas Hüseynov
10. Elnur Abdullayev
8. Nizami Hacıyev (k)
(6. Samir Zərgərov, 58)
7. Mirsahib Abbasov
(9. Pərdis Fərcad-Azad, 59)
11. Rauf Əliyev

Ehtiyat oyunçular:
13. Orxan Sadıqlı
19. Mirhüseyn Seyidov
2. Sertan Taşkın
88. Məmməd Quliyev
98. Qara Qarayev

Baş məşqçi: Zaur Svanadze

“Qəbələ”
22. Dmitri Bezotosnı
3. Voislav Stankoviç
5. Rasim Ramaldanov
(6. Rəşad Sadiqov, 63)
9. Sergey Zenyov
(18. Baqali Dabo, 70)
14.Cavid Hüseynov (k)
17. Məhəmməd Mirzəbəyov
19. Filip Ozobiç
27. Teo Uiks
31. Daniel Subotiç
77. Araz Abdullayev
(11. Asif Məmmədov, 53)
88. Tellur Mütəllimov

Ehtiyat oyunçular:
33. David Pietrzkeviç
8. Qismət Alıyev
10. Ruslan Qurbanov
34. Urfan Abbasov

Baş məşqçi: Roman Qriqorçuk