«Qəbələ» mövsümü bürünc mükafatla başa vurdu
Oyun icmalı / 28 May 2015 | 18:031382
«Qəbələ» mövsümü bürünc mükafatla başa vurdu

“Qəbələ” – “Bakı” 3:0
28 may 2015. Saat 20:00. Qəbələ şəhər stadionu, 2200 tamaşaçı
Baş hakim: Əliyar Ağayev
Baş hakimin köməkçiləri: Zeynal Zeynalov, Munis Abdullayev
Dördüncü hakim: Ramil Əhmədov
AFFA nümayəndəsi: Adil Nadirov
Hakim-inspektor: Füzuli Nəcəfov
Sarı vərəqələr: Aleksey Qay, 33 (qeyri-idman hərəkəti); Qismət Alıyev, 73 (qeyri-idman hərəkəti); Rafael Santos, 85 (qeyri-idman hərəkəti) // Eltun Hüseynov, 23 (qeyri-idman hərəkəti); Qvanzan Maqomedov, 60 (qeyri-idman hərəkəti); Qeyrət Əliyev, 89 (sistematik qayda pozuntusu)
Qollar: Viktor Mendi, 7; Ekiqo Ehiosun, 13, 24
Artırılan vaxt: I hissədə - yoxdur.; II hissədə 2 dəq.
Bu gün Topaz Premyer Liqasında 2014/15 mövsümünə yekun vurulub. “Qəbələ” çempionatın son turunda “Bakı” ilə qarşılaşıb. XXXVI turun qarşılaşmalarının 28 may – Respublika günündə keçirilməsi stadionda əsl bayram ab-havası yaradıb. Azərbaycan bayraqlarına boyanan tribunalara toplaşan azarkeşlər “qırmızı-qaralar”ı qələbəyə dəstəkləyiblər. Bürünc medal baxımından əhəmiyyət kəsb edən qarşılaşmada qazanılacaq 1 xal “Qəbələ”yə tarixində 2-ci bürünc medalı gətirəcəkdi. “Qırmızı-qaralar” “İnter”lə keçirdiyi son oyunla müqayisədə meydana start heyətində 2 dəyişikliklə çıxmışdı. Bəxtiyar Soltanov və Mixail Sivakovun yoxluğunda komandanın kapitanı Ruslan Abışovla Ekiqo Ehiosun “11-lik”də yer alıb.
Lakin Abışov qarşılaşmaya kapitan sarğısı ilə çıxmayıb. Belə ki, mövsümün son görüşünə kapitan kimi Viktor Mendi başlayıb. Bu da təsadüfi olmayıb. Klub tarixində hamıdan çox – 32 qol vuran seneqallı 4 mövsüm keçirdiyi “Qəbələ”də 127-ci matçına çıxıb. Bu göstəricidə Dodonun rekorduna şərik olan Mendi üçün “Bakı” ilə görüş “qırmızı-qara” formada son matç olub. Onun komandanı tərk edəcəyi öncədən bilindiyindən rəmzi olaraq kapitanlıq sarğısı legionerə verilib. Azarkeşlər isə tribunalarda “Viktor, sən həmişə ürəyimizdəsən” pankartını qaldırıb.
Karyerasında ilk dəfə meydana kapitan kimi çıxan Mendi qarşılaşmanın qəhrəmanlarından olub. Oyunun əvvəlində sağ cinahdan irəliləyən Aleksey Qayın qapı önünə ötürməsini tamamlayan Mendi “Qəbələ”də 33-cü qolunu vurub. Erkən qolun ardından Viktor dubl etməyə də yaxın olub. Lakin Rəşad Sadiqovun ötürməsini tamamlayan hücumçuya dəqiqlik çatmayıb. Bir neçə dəqiqə sonra isə Mendi qapıçı ilə təkbətək çıxıb. Hesabı artırmağa yaxın olan Viktor daha əlverişli mövqedə olan Ekiqo Ehiosuna ötürmə verib. Sonuncunun zərbəsi qarşısıalınmaz olub – 2:0. İlk yarının ortalarında Ekiqo dublunu da rəsmiləşdirib. Bu dəfə o, Cavid Hüseynovun cərimə zərbəsindən ötürdüyü topu çərçivəyə göndərib. İlk hissədə vurulan 3 qoldan sonra ərazi üstünlüyü qonaqlara keçib. Lakin “Qəbələ”nin qapısı önündə ciddi təhlükə yaranmayıb.
Fasilədən sonra da meydanda daha fəal olan “Qəbələ” bir neçə dəfə hesabı artırmağa yaxın olub. Cavidin mərkəzlə irəliləyib, cərimə meydanına daxil olmasına qonaqların müdafiəçiləri imkan verməyib. Yarımmüdafiəçinin qarşısı qayda pozuntusu ilə alınıb. Təxminən 22 metrlik nöqtədən təyin olunan cərimə zərbəsini Abışov yerinə yetirib. Onun güclü zərbəsindən sonra top tirin üstündən keçib. 69-cu dəqiqədə qonaqların qapıçısı ardıcıl 2 dəfə komandasını xilas edib. Əvvəl Cavidin zərbəsini dəf edən qolkiper Rafael Santosun təkrar zərbəsinə də reaksiya verə bilib. Bundan sonra da hücumlarını davam etdirən “Qəbələ”yə 4-cü qolunu vurmasına dəqiqlik çatmayıb.
Beləliklə, 2014/15 mövsümündə son oyununu keçirən “Qəbələ” “Bakı”nı 3:0 hesabı ilə məğlub edib, 54 xalla Premyer Liqanı 3-cü pillədə başa vurub.

“Qəbələ” 
22. Dmitri Bezotosnı
4. Elvin Camalov
(17. Qismət Alıyev, 56)
6. Rəşad Sadiqov
9. Viktor Mendi (k)
14. Cavid Hüseynov
15. Ruslan Abışov
19. Aleksey Qay
20. Rikardinyo
34. Ürfan Abbasov
44. Rafael Santos
(32. Mixail Sivakov, 87)
90. Ekiqo Ehiosun
(18. Ruslan Fomin, 46)

Ehtiyat oyunçular:
30. Anar Nəzirov
5. Sadiq Quliyev
16. Ruslan Tağızadə
26. Pavol Farkaş

Baş məşqçi: Roman Qriqorçuk

“Bakı”
12. Elxan Əhmədov
6. Vüqar Bəybalayev
15. Azad Kərimov
2. Nicat Əsgərov
19. Eltun Hüseynov
(35. Qvanzan Maqomedov, 36)
99. Kamil Nurəhmədov
56. Qeyrət Əliyev
7. Nuran Qurbanov
(39. Təyyar Məmmədov, 75)
77. Ramazan Abbasov
(20. Valeh Seyidov, 83)
11. Tural Qürbətov
10. Nurlan Novruzov (k)

Ehtiyat oyunçular:
1. Elçin Sadıqov
46. Yusup Xakimov
55. Aydın Mustafazadə
54. Mətin Əbilsoy

Baş məşqçi: İbrahim Uzunca