«Yaxşı oyun nümayiş etdirdik»
Xəbərlər / 12 Fevral 2017 | 19:27409
«Yaxşı oyun nümayiş etdirdik»

Topaz Premyer Liqasının XVIII turunun “Zirə” – “Qəbələ” oyunundan (2:2) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib. Sizi ukraynalı mütəxəssisin fikirləri ilə tanış edirik: 
“Komandamdan razı qaldım. Biz öz oyun üslubumuzda çıxış etdik. Qarşılaşma ərzində özümüzü yaxşı tərəfdən göstərdik. Matçın əvvəlində süni meydan bizə bir az mane oldu. Buna bir az uyğunlaşmaq lazım gəldi. Amma ümumilikdə yaxşı oyun nümayiş etdirdik. Təəssüf ki, standart vəziyyətlərdən iki qol buraxdıq. Bu da yolverilməzdir. Oyunçularıma dedim ki, başlarını uca tutsunlar, üzülməsinlər. Çünki bu gün hadisələrin axarı, oyunun gedişi, bir çox şey bizə qarşı idi. Pis oynayanda və ya bunu heç bacarmayanda məyus ola bilərsən. Amma bugünkü kimi yaxşı oynayanda, keyfiyyətli futbol nümayiş etdirib, nəticə qazanmayanda üzülməməlisən. Təbii ki, səhvlər var ki, onların üzərində çalışmalıyıq. Ancaq başımızı aşağı salıb, əhvalımızı korlamamalıyıq. Özümüzdən asılı olan hər şeyi düzgün təhlil edib, işimizi düz qurmalıyıq. Nəzərə almalıyıq ki, hadisələrin axarı da var. Komandaya daha asan olması üçün bəxt, axar da kömək etməlidir. Mərkəzi müdafiəçilərin sıradan çıxması üzündən nə etmək olar? Rafael Santos və Vitali Vernidub zədəsinin ardından Rasim Ramaldanov da cəzalı duruma düşdü. Buna məyus ola, üzülə bilmərik. Deməli, bəxt, hadisələrin axarı lehimizə deyil. Biz indiki durumda mümkün olanı düzgün etməyə çalışmalıyıq”.