Yay Futbol Düşərgələri Proqramına start verildi
Xəbərlər / 22 İyun 2012 | 06:10439
Yay Futbol Düşərgələri Proqramına start verildi

Qəbələ FK Futbolun Kütləviləşdirilməsi Departamenti 2012-ci il üçün nəzərdə tutulmuş Yay Futbol Düşərgələri proqramına start verib. Hər il olduğu kimi bu il də məktəblilərin yay tətili zamanı başlanan proqram 3 ay - iyun, iyul, avqust aylarında davam edəcək. Proqramın birinci ayı Qəbələ şəhər məktəblərini əhatə edəcək. Artıq Qəbələ şəhər  1, 2, 3, 4, 5 saylı tam orta məktəblərinin şagirdləri yay tətili zamanı futbol oynamaqla, məşqlərə qatılmaqla vaxtlarını səmərəli keçirmək imkanı əldə ediblər. Nəzərinizə çatdıraq ki, Yay Futbol Düşərgələrində 5 yaşdan 13 yaşadək uşaqlar iştirak edə bilər. İyul ayında proqram Vəndam qəsəbəsində, avqust ayında isə Böyük Əmili stadionunda davam edəcək. Vəndam qəsəbəsində Vəndam 1, 2 və 3 saylı Vəndam tam orta məktəblərinin şagirdləri, Böyük Əmili stadionunda isə Hacallı, Böyük Əmili və Böyük Pirəlli kənd orta məktəblərinin şagirdləri iştirak edəcək. Qəbələ rayonunun 3 regionunda təşkil ediləcək proqramın ilk həftəsində 5-9 yaş arası uşaqlar, ikinci həftəsində 10-12 yaş arası şagirdlər, üçüncü həftəsində isə əvvəlki iki həftədə fərqlənən oyunçular iştirak edəcəklər.