İrqçilik
Dünya bu gün bəşəriyyət tarixində mədəniyyətin ən yüksək səviyyədə olduğu dövrünü yaşayır. Üstəlik əvvəlki dövlərə nəzərən dəyişən zaman və məkan anlayışı çərçivəsində bu mədəniyyət qlobal xarakterə bürünərək bütün bəşəriyyəti əhatə edir.
İdman da bu qlobal mədəniyyətin bir parçası, dünyada dili, irqi və dini müxtəlif insanları birləşdirən mühüm bir vasitədir. Dünyanın sülh içərisində yaşamasına töhfə verən bir amildir. İdman qalib gəlmək üçün hər yolun istifadə edilməsi deyildir. İdman Fair Play prinsipləri ilə sadiq qalaraq əmək sərf etməkdir.
Ancaq təssüf ki, irqçilik hərəkətləri bu dövrdə belə idmana yol tapa bilmişdir. Bu hallara dünyada ən çox sevilən idman növü olan futbolda da rast gəlmək mümkündür.
Öz ətrafında milyonlarla azarkeşi birləşdirən futbol eyni zamanda müxtəlif din, dil və irqdən olan insanlar arasında ən sadə və effektiv ünsiyyət kanalıdır. Buna görə də, futbolda irqçiliyin bu ünsiyyətin sağlam inkişafına verəcəyi zərərin miqyasını təsəvvür etmək çətin deyil. Bundan başqa uşaq və gənclərin inkişafında mühüm yer tutan idmanda irqçiliyin gələcəyimizi də zəhərləmə ehtimalı mövcuddur.
Futbol irqçi duyğuların arenası deyil!
Buna görə də, Qəbələ FK irqçiliyə yox deyir!