"Qəbələ" bu gün son oyununa çıxır
Komandamız Türkiyədə keçirdiyi təlim-məşq toplantısını sona çatdırmaq üzrədir. Bu gün "Qəbələ" sonuncu yoxlama oyununa çıxacaq. Rəqib Koreyanın "İnçon" klubudur.
Qeyd edək ki, yanvarın 15-dən etibarən Antalya şəhərinin Kundu kəndində yerləşən beşulduzlu "Topkapı Palace" otelində təlim-məşq toplantısı keçirən komandamız indiyədək 4 yoxlama oyunu keçirib.
İlk matçda rəqibimiz Rusiya Premyer Liqasında çıxış edən "Tom" klubu olub. Tomsklularla görüşü başdan sona qədər üstün keçirən futbolçularımız 2:1 hesablı qələbə qazanıblar. Qolları baxışda olan serb hücumçu və rumın müdafiəçimiz Razvan Tarlea vurublar. Növbəti matçda Kalininqrad "Baltika"sı ilə görüşən "Qəbələ" bu dəfə heç-heçə ilə razılaşıb. Rusların qapısından qolu Kənan Kərimovun asmasından sonra Milan Antiç keçirib. Anqola birinciliyini 2-ci pillədə bitirən "GDR Libolo" ilə qarşılaşma isə daha asan keçib. Belə ki, Arif Daşdəmirov, Razvan Tarlea və baxışda olan bolqar hücumçu Miroslav Mindevin qolları böyükhesablı qələbə qazanmağımıza şərait yaradıb. Bundan bir gün sonra Koreyanın "Geonqam" klubunun oyun təklifini qəbul edən baş məşqçi Ramiz Məmmədov əsas heyət üzvlərinə istirahət verib. Əsas heyətdə baxışa gələn futbolçular, eləcə də əvəzedici heyətdən cəlb olunan Rəhman Musayev, Mehman Məmmədov, Nicat Gülməmmədov kimi gənclər yer alıblar. Yalnız son dəqiqələrdə aparıcı oyunçulardan Kristian Torres, Qoqa Beraya və Razvan Tarlea oyuna qoşulublar. Nəticədə koreyalılar 3:1 hesablı qələbə qazanıblar. Yeganə qolu Torres penaltidən vurub.
Bu gün saat 18:00-da Antalyadakı son yoxlama matçı start götürəcək. Rəqib Koreya çempionatını bürünc medalın bir addımlığında bitirmiş "İnçon" klubu olacaq. Sabah isə komanda Antalya-İstanbul-Bakı reysi ilə geri qayıdacaq.
Bu arada qeyd edək ki, son günlər mətbuatda klubumuzla bağlı yalnış informasiyalar dolaşmaqdadır.
Honduras yığmasının üzvü Miçel Braunun "Qəbələ"də baxışda olması, eləcə də 1+1 şərtilə müqavilə bağlamağa hazırlaşması barədə məlumatlar yayılsa da, klubumuz belə bir futbolçu ilə tanış deyil və yazılanlar qətiyyən həqiqəti əks etdirmir. Bundan başqa, bolqar forvard Miroslav Mindevin şərtlərlə razı olmadığına görə geri qayıtdığı qeyd edilir. Lakin bildirmək istəyirik ki, Mindevin oyunu məşqçilər korpusunu razı salmadığına görə o, təlim-məşq toplantısından uzaqlaşdırılıb. Hər halda ilkin şərtlər futbolçu baxışa gəlməmişdən əvvəl tərəflərə bildirilir və yalnız razılıq əldə olunarsa, futbolçu düşərgəyə təşrif buyurur. Elə Mindevlə bağlı vəziyyət də bu şəkildə olub. Təlim-məşq toplantısı zamanı düşərgəyə xeyli oyunçu dəvət olunsa da, hələlik yalnız bir nəfər - portuqaliyalı yarımmüdafiəçi Paulinyo ilə bağlı qəti qərar verilib.