Kamara "Qəbələ"yə qayıtdı
Bu gün "Qəbələ" növbəti transferini həyata keçirdi. Komandamız sıralarını qvineyalı yarımmüdafiəçi Abdul Kader Kamara ilə gücləndirdi.
2007/08 mövsümünün əvvəlində "Qəbələ" ilə müqavilə bağlayan Kamara növbəti iki ildə komandamızın şərəfini qorudu. İki ildə ağ-qaralı forma ilə 41 oyuna çıxan dayaq yarımmüdafiəçisi 2 dəfə rəqib qapıçılarını məyus etdi və "Qəbələ"nin aparıcı oyunçularından birinə çevrildi. Cari mövsümün əvvəlində "Olimpik"ə transfer olunan Kamara yeni klubunda o qədər də uğurlu çıxış etmədi. Baş məşqçimiz Ramiz Məmmədovun ən sevimli futbolçularından biri olan Kamara cəmi yarım mövsümdən sonra yenidən "Qəbələ"yə döndü.
Qeyd edək ki, Abdul Kader Kamara 1982-ci il martın 18-də Qvineyanın paytaxtı Konakridə anadan olub. Karyerasının böyük hissəsini Belçikada keçirib. 2000-02-ci illərdə "Harelbeke", 2002-04-cü illərdə "Serkl Brügge", 2004-05-ci illərdə "Heusden-Zolder", 2006-cı "Olimpik Şarlerua", 2006-07-ci illərdə "Dessel Sport" klublarında çıxış edib. Eyni zamanda ölkəsinin milli komandasının şərəfini qoruyub.
Kamara ilə yanaşı, "Qəbələ" portuqaliyalı Paulinyo ilə münasibətlərini rəsmiləşdirib. Portuqaliyalı oyunçu ilə birillik müqavilə bağlanıb. Müqaviləsinin müddəti uzadılan futbolçular arasında Yaşar Abuzərov, Anatoli Ostap və Tomaş Stolpa var. Yaşar növbəti bir il, legionerlər isə altı ay ərzində komandamızın formasını geyinəcəklər.