"Qəbələ"nin baş məşqçisi Ramiz Məmmədovun "Çempion" qəzetinə müsahibəsi
İlk "altılığ"a düşməyi hədəfləyən "Qəbələ" dünən "Olimpik-Şüvəlan"la həyati əhəmiyyətli oyunda qarşılaşdı. Turnir cədvəlinin qonşu pillələrində qərarlaşan komandaların duelində 3 xal qazanan tərəf "Qəbələ" oldu. Şimal klubu səfərdə oynamasına baxmayaraq, "təyyarəçilər"i üstələməyi bacardı. Biz isə oyundan dərhal sonra "Qəbələ"nin baş məşqçisi Ramiz Məmmədovla əlaqə saxlayıb bizi maraqlandıran suallara cavab aldıq. Məmmədov "Çempion"a müsahibəsində həm Antalya toplanışı, həm "Olimpik-Şüvəlan"la oyun, həm də digər məsələlər ətrafında fikir bildirdi.
- Ramiz müəllim, ilk olaraq "Olimpik-Şüvəlan"la oyun barəsində fikirlərinizi bilmək istərdik...
- Oyun ağır keçdi. Qələbə qazanmağımıza baxmayaraq, bu gün xeyli çətinlik çəkdik. Bilirsiniz ki, "Olimpik-Şüvəlan" bizim üçün arzu olunan rəqib deyil. Bu komanda ilə oynamaq "Qəbələ"yə düşmür. Ancaq biz oyuna yalnız və yalnız qələbə qazanmaq üçün çıxmışdıq. Bugünkü matçda qeydə alınacaq heç-heçə bizim üçün məğlubiyyət sayılacaqdı. Hamı bilir ki, bu görüş hər iki komanda üçün həyati əhəmiyyət daşıyırdı. Çünki 3 xal qazanan tərəf ilk "altılığ"a düşmək şansını artıracaqdı. Bu mənada, qazandığımız qələbənin əhəmiyyəti böyükdür. Bu qələbə münasibətilə bütün futbolçuları, rəhbərliyi və azarkeşlərimizi təbrik edirəm.
- Komandanızın göstərdiyi oyundan tam olaraq razı qaldınızmı?
- Tam yox, 90 faiz razı qaldım. Əsas odur ki, meydançanı qalib tərk etdik.
- Bəs "Qəbələ"nin heyətində oyunundan narazı qaldığınız futbolçu oldumu?
- Bəli, oldu. Kamaranı nəzərdə tuturam. Açığı, onu komandaya yad hiss etdim. Bu da normaldır. Çünki Kamara 6 ay kollektivdən uzaq düşdü. "Qəbələ"yə qayıdışından sonra cəmi 2-3 məşqdə komanda ilə birgə iştirak edib. Bu səbəbdən hələ ki, kollektivə tam uyğunlaşa bilməyib. "Olimpik-Şüvəlan"la oyunda daha çox Qoqa Beraya ilə meydançada bir-birlərini başa düşmədilər. Hər şeyə rəğmən, mən Kamaraya güvənirəm. Elə ona görə də bu gün ona əsas heyətdə şans verdim. İnanıram ki, Kamara növbəti turlarda öz oyununu tapacaq.
- "Olimpik-Şüvəlan"la oyun Kamara üçün daha prinsipial əhəmiyyət daşıyırdı. Çünki Abdul Kader "Qəbələ"yə məhz bu klubdan qayıtdı. Maraqlıdır, Kamaranı sabiq komandası ilə oyuna necə hazırlamışdınız?
- Əslində Kamaranın sabiq komandası "Qəbələ" olub. O bizim klubda tanındıqdan sonra "Olimpik-Şüvəlan"a keçib. Buna baxmayaraq, mən yenə də Kamaraya ayrıca göstərişlərimi vermişdim. Onu başa saldıq ki, rəqib komandaya qarşı hörmətlə davranmalısan. Necə ki, oradan hörmətlə ayrılmısan. Fikir verdinizsə, Kamara sarı vərəqə alan kimi onu əvəzlədim.
- Bugünkü matçda Kamaranı oynatsanız da, digər yeni transferiniz Sergey Sokolovu meydançada görmədik...
- Sokolov hələ ki, komandaya tam uyğunlaşmayıb. Ona görə də bu gün onu oynatmadım. Sergey hazırda adaptasiya prosesi keçir. Qarşıdakı 1-2 turda çətin ki, Sokolovu meydançaya buraxım. Ona taktikamı tam başa saldıqdan sonra şans verəcəyəm. Sokolov güclü futbolçudur. Bəyəndiyim müdafiəçilərdən olduğu üçün onu "Qəbələ"yə dəvət etdim. Ancaq indiki məqamda Sokolov əsas heyətdə oynamağa tam hazır deyil.
- Ramiz müəllim, son günlər mətbuatda bu cür xəbər yayılmışdı ki, "Olimpik-Şüvəlan" bilərəkdən oyunu "Qəbələ"yə verəcək. Buna münasibətiniz necədir?
- Bu barədə danışmaq istəmirəm. Görünür, kimlərsə komandamıza qarşı qərəzli siyasət yürüdür. Həmin adamlara qəzetiniz vasitəsilə demək istəyirəm ki, "Qəbələ"nin adını çirkin oyunlarda hallandırmayın. Allah şahiddir ki, biz bu vaxta qədər qazandığımız qələbələri yalnız öz zəhmətimizin hesabına əldə etmişik. Heç görmüsünüz ki, "Qəbələ" nə vaxtsa çirkin oyunlarda iştirak etsin?
- Sabah (bu gün-red.) ilk "altılığ"a düşmək uğrunda əsas rəqiblərinizdən olan "Simurq" səfərdə "Karvan"la qarşılaşacaq. Sizcə, Yevlax klubu "Simurq"u büdrədə biləcəkmi?
- Mən bu oyun haqda fikir bildirmək istəmirəm. Sadəcə, hər iki komandaya uğurlar arzulayıram. Məni yalnız öz oyunlarımız maraqlandırır.
- Yaxşı bəs, komandanızın hansı mövqeyində çatışmazlıq hiss edirsiniz?
- Yalnız hücumdan narazıyam. Əslində bu mövqeyə yeni futbolçu gətirməli idik. Hollandiyanın aşağı liqasında çıxış edən bir futbolçunu bəyənmişdik. Onun oyununu disk vasitəsilə izləmişdim və razı qalmışdım. Ancaq indi heç kim yalnız diskə baxmaqla futbolçu transfer etmir. Bu mənada vitse-prezidentimiz Fariz Nəcəfov Hollandiyaya getməli idi. Ancaq Hollandiyada qarlı hava ilə əlaqədar olaraq, birinci liqanın oyunlarının təxirə salınması planımızı alt-üst etdi. Lakin hələ vaxtımız var. Qış transfer "pəncərəsi" ayın 4-də bağlanır. Yəqin ki, bu günlərdə Fariz müəllim Hollandiyaya səfər edəcək. Əgər səfər alınsa, köməkçi məşqçilərdən biri də Nəcəfovla Hollandiyaya gedəcək. İstəyirəm ki, həmin futbolçunun oyununu Fariz müəllimlə yanaşı, bir məşqçimiz də seyr etsin. Yalnız bundan sonra o futbolçunu Azərbaycana dəvət edib, rəsmi müqavilə imzalayacağıq. Əgər bu transferi reallaşdıra bilsək, çox gözəl. Ancaq əks təqdirdə elə indiki heyətlə yolumuza davam edəcəyik.
- Gəlin bir az da qış fasiləsindən danışaq. Antalya toplanışından razı qaldınızmı?
- Razı qaldım. Türkiyədə səviyyəli komandalara qarşı yoxlama görüşü keçirdik. Rusiya Premyer Liqasında çıxış edən "Tom"a qalib gəldik. Onu da deyim ki, Tomsk klubu bizə qarşı əsas heyətlə oynadı. Digər oyunlarda da səhvlərimizi aradan qaldırmağa çalışdıq. Bir sözlə, Antalyada mobil heyət formalaşdıra bildik.
- "Qəbələ" çempionatda növbəti oyunlarını "Bakı" istisna olmaqla, autsayder komandalara qarşı keçirəcək. Bu onu deməyə əsas verirmi ki, "Simurq" və "Olimpik-Şüvəlan"la müqayisədə "Qəbələ"nin ilk "altılığ"a düşmək ehtimalı böyükdür?
- Mən deyərdim ki, əksinə, növbəti turlarda bizi ən çətin oyunlar gözləyir. Həm "Turan", həm "Muğan", həm də "Standard" bütün komandalara qarşı layiqli müqavimət göstərmək gücündədir. Əgər kimsə düşünürsə ki, biz bu komandaları asanlıqla məğlub edəcəyik, deməli, səhv edir. "Turan"ın səfərdə "Simurq"a qarşı necə oynadığını yadınıza salın. Və ya "Muğan"ın ilk dövrədə Bakıda "Neftçi"ni məğlub etdiyi oyunu xatırlayın. O ki qaldı, "Standard"a, Sumqayıt klubu da ilk dövrəyə nisbətən xeyli güclənib. Mənə görə, Azərbaycan çempionatında çıxış edən 12 komandanın hamısı eynidir. "Turan", "Muğan" və "Standard"ı zəif adlandıranlar Azərbaycan futboluna hörmət etmirlər.
- Maraqlıdır, ilk "altılığ"a düşməsəniz, bunu faciə kimi qəbul edəcəksinizmi?
- Haradasa bəli. Çünki bizim qarşımıza ilk "altılığ"a vəsiqə qazanmaq missiyası qoyulub. Əslində qış fasiləsinə kimi, "Qəbələ" ilk "altılıq"da yer almalı idi. Ancaq müəyyən məsələlər üzündən, ən əsası da öz səhvlərimiz ucbatından fasiləyə 7-ci pillədə yollandıq. Buna baxmayaraq, qalan oyunlarımızda qələbə qazanmaqla, arzumuzu həyata keçirmək istəyirik. Məncə, biz nəyin bahasına olursa-olsun, "altılığ"a düşəcəyik və beləcə faciəyə imkan verməyəcəyik.
- Hansı komandanı çempionluğa əsas namizəd sayırsınız?
- İlk "altılığ"a düşəcək bütün komandaları. Çempionun kimliyinə mövsümün sonunda aydınlıq gələcək. Ona görə də indidən konkret ad çəkə bilmərəm.
"Çempion" qəzeti, 3-4 fevral 2010, No: 012 (822). Tengiz Məmmədov