|
"Qəbələ" Peşəkar Futbol Klubunun əsası 1995-ci il iyulun 3-də "Göy Göl" adı altında qoyulub. Yarımçıq qalan 2005-ci ildən etibarən davam etdirilməyə başlayıb. Komanda əvvəllər Xanlar rayonunu təmsil edib. Yarandığı vaxtdan heyətinə xeyli məşhur futbolçular toplayan komanda Azərbaycan çempionatının birinci dəstəsində çıxış edib. 2005-ci may ayının 4-də "Göy Göl" adı "Gilan"la əvəz edilib. Mövsümün sonunda isə komanda birinci dəstənin qalibi olaraq Azərbaycan çempionatının yüksək liqasına vəsiqə qazanıb. 2006-cı ilin avqust ayında - yüksək liqada debüt ərəfəsində "Gilan" Xanlar rayonundan Qəbələyə köçürülüb və həmin müddətdən etibarən Qəbələ şəhərini təmsil etməyə başlayıb. Yüksək liqada keçirdiyi ilk oyunlarda uğursuzluğa düçar olan "Gilan"ın baş məşqçisi postunda dəyişiklik edilib. Faiq Cabbarovun yerinə gənc mütəxəssis Ramiz Məmmədov təyin olunub. Komanda 2006-07 mövsümünü Ramiz Məmmədovun başçılığı altında 11-ci pillədə başa çatdırıb. Qarşısına qoyduğu məqsədə - yüksək liqada qalmağa nail olan "Gilan"ın siması və adı növbəti mövsüm ərəfəsində yenə də dəyişib. 2007-ci il avqust ayının 31-də "Gilan" PFK adı "Qəbələ" PFK ilə dəyişdirilib. Bundan sonra "Qəbələ" Futbol Klubu daha yaxşı çıxış etməyə və nəticələr qazanmağa başlayıb. "Qəbələ" Premyer Liqanın sayılıb-seçilən komandalarından birinə çevrilib. Yekunda zəngin təcrübəyə malik bir neçə klubu arxada qoyub və 5-ci yeri tutub. Bundan başqa, "Qəbələ" qısa tarixində ilk dəfə Azərbaycan kubokunun yarımfinal mərhələsinə qədər irəliləməyi bacarıb. Komandanın məqsədi növbəti mövsümdə medallar uğrunda mübarizə aparıb Azərbaycanı Avropa miqyaslı yarışlarda təmsil etməkdir.
"Qəbələ" PFK-nın ilk rəsmi oyunu
21.09.2005. "Qəbələ" ("Göy Göl") - "Şərur" 8:0
"Qəbələ" PFK-nın ən böyükhesablı qələbəsi
21.09.2005. "Qəbələ" ("Göy Göl") - "Şərur" 8:0
"Qəbələ" PFK-nın güclülər dəstəsində ən böyükhesablı qələbəsi
11.11.2007. "Gənclərbirliyi" - "Qəbələ" 0:6
"Qəbələ" PFK-nın ən böyükhesablı məğlubiyyəti
09.12.2006. "Xəzər-Lənkəran" - "Qəbələ" ("Gilan") 4:0
"Qəbələ" PFK-nın ilk qolunun müəllifi
Rövşən Əhmədov - 21.09.2005. "Qəbələ" ("Göy Göl") - "Şərur" 8:0
|