“Qəbələ” Futbol Akademiyasının məşqçisi Famil Xəlilov Azərbaycan milli komandasına təyinat alıb. 35 yaşlı mütəxəssis 15 yaşadək futbolçulardan ibarət yığmaya rəhbərlik edəcək. Belə ki, bu komandanın baş məşqçisi vəzifəsi Xəlilova həvalə olunub.
2008-ci ildən klubumuzun akademiyasında çalışan mütəxəssis bu 10 ildə müxtəlif yaş qrupu üzrə komandalarda fəaliyyət göstərib. “Qəbələ”nin gənc oyunçularının yetişib, ərsəyə gəlməsində pay sahibi olan Xəlilov rəhbərlik etdiyi komandalarla Azərbaycan çempionu olub, müxtəlif əyarlı mükafatlara yiyələnib.
2017/18 mövsümündə onun baş məşqçisi olduğu “Qəbələ”nin U-19 komandası AFFA-nın Gənclər Liqasının qalibi olub və UEFA Gənclər Liqasına vəsiqə qazanıb. Xəlilovu U-19-un çalışdırıcı vəzifəsində ötən mövsüm əvəzedici komandanın baş məşqçisi olan Emin İmaməliyev əvəzləyib.
“Qəbələ” İdman Klubu Famil Xəlilova akademiyamızdakı fəaliyyətinə görə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayır.